Skip to Main Content
  1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Azərbaycanda hüquq təhsili üzrə yeni resursların yaradılmasına dəstək

Azərbaycanda hüquq təhsili üzrə yeni resursların yaradılmasına dəstək

Tarix:
10 iyun 2025-ci il

bp bu gün Azərbaycanda hüquq təhsili sahəsində keyfiyyətin artırılmasına yönəlmiş yeni bir layihəsini təqdim edib. Layihə yerli universitetlərdə hüquqşünaslıq üzrə tədrisin təkmilləşdirilməsi məqsədilə altı mühüm dərsliyin hazırlanması və nəşrindən ibarətdir. Layihənin məqsədi təhsildə mükəmməlliyin təmin olunmasına dəstək vermək, hüquqi savadlılığı təşviq etmək və ölkədə yeni nəsil hüquq mütəxəssislərinin yetişməsinə töhfə verməkdir.

 

bp bu gün keçirilən tədbirdə layihə çərçivəsində artıq nəşr olunmuş 5 kitabı ictimaiyyətə təqdim etdi. Qalan altıncı kitabın nəşri isə bu ilin sentyabr ayına planlaşdırılır.

 

Bu layihə bp-nin Azərbaycanda təhsilin inkişafına və bacarıqların artırılmasına dəstəyinin bir hissəsidir.

 

5 tamamlanmış kitabın təqdimat tədbirində çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi:

 

“Hüquq təhsili sahəsində resursların yaradılmasına sərmayə qoymaqda məqsədimiz yerli hüquq mütəxəssislərinə yüksək keyfiyyətli tədris materialları hazırlaqdadəstək verməkdir. Bu isə nəticə etibarilə ölkədə hüquq təhsilinin müasirləşməsinə və yüksək səviyyəli, hüquqları dərindən  bilən yeni hüquqşünaslar nəslinin formalaşmasına töhfə verəcək.

Yeni altı dərsliyin hər biri hüquq üzrə alimlər və mütəxəssislərlə sıx əməkdaşlıqda hazırlanıb. Ümid edirik ki, bu kitablar universitet tələbələrin, nəzəriyyə müəllimlərinin, eləcə də hazırda praktiki fəaliyyətdə olan hüquqşünasların müasir hüquq resurslarına artan tələbatının qarşılanmasına mühüm töhfə verəcək. Xüsusilə məmnunuq ki, layihəyə daxil edilmiş altı dərslikdən dördü Azərbaycanda ilk dəfə nəşr olunur və bu da ölkənin akademik hüquq mühitində əlamətdar bir hadisədir.”

 

Layihəyə daxil olan kitablar bunlardır: 

  1. . “Beynəlxalq Tibb Hüququ. Xüsusi hissə” – Azərbaycanda yeni olan bu dərslik səhiyyə və insan hüquqları sahələrinin kəsişməsini əhatə edir və ölkənin beynəlxalq tibbi əməkdaşlıqda artan iştirakını əks etdirir. Kitab tibbi etika, səhiyyə xidmətlərinin hüquqi tənzimlənməsi və beynəlxalq institutların rolu da daxil olmaqla geniş mövzuları əhatə edir.
  2. . “Azərbaycan Respublikasının Mediasiya Hüququ. Ümumi Müddəalar” – Azərbaycanda bu sahədə ilk olan bu dərslik mediasiyanın hüquqi çərçivəsini təqdim edir, onun prinsipləri, quruluşu və normativ aspektləri barədə ətraflı məlumat verir. Dərsliyin məqsədi hüquq təhsilində mövcud boşluqları doldurmaq və Azərbaycanda mediasiya mədəniyyətinin inkişafına dəstək olmaqdır.
  3. . “Mediasiya Hüququ. Xüsusi hissə” – Azərbaycanda bu sahədə ilk olan bu nəşr mediasiya hüququnun elmi və doktrinal əsaslarına həsr olunub. Dərslik mediasiyanı hüquqi bir sahə kimi hərtərəfli təhlil edir və bu institutun həm akademik, həm də praktiki baxımdan daha yaxşı anlaşılmasına töhfə verir.
  4. . “Beynəlxalq Publik Hüquq Kursu. Ümumi Hissə” (birinci cild, ikinci nəşr, yenilənmiş) – bu kitab beynəlxalq publik hüquq üzrə ilk akademik kursun yenilənmiş nəşridir və bu sahənin öyrənilməsində əhatəli doktrinal yanaşmanı təqdim edir. Kitab beynəlxalq hüququn predmeti və prinsipləri, mənbələri, beynəlxalq hüququn subyektləri, mübahisələrin həlli mexanizmləri və beynəlxalq hüquqi məsuliyyət kimi əsas anlayışları əhatə edir. Yenilənmiş nəşrdə beynəlxalq hüquq nəzəriyyəsi və təcrübəsindəki yenilikləri əks etdirən mühüm əlavələr və dəyişikliklər yer alıb.
  5. . “Beynəlxalq Publik Hüquq Kursu. Xüsusi Hissə” (ikinci cild, ikinci nəşr, yenilənmiş) – bu dərslik beynəlxalq public hüququn xüsusi sahələrinin, o cümlədən beynəlxalq müqavilələr hüququnun, xarici əlaqələr hüququnun, beynəlxalq təşkilatlar hüququnun, humanitar hüququn və beynəlxalq iqtisadi hüququn ətraflı təhlilini təqdim edir. Yenilənmiş nəşr yeni nəzəri yanaşmaları və elmi nailiyyətləri əhatə edir. Dərslik qlobal hüquq sistemi və Azərbaycanın bu sistemdəki rolu ilə bağlı daha dərin anlayışın formalaşmasına dəstək verir.
  6. .“İnsan Hüquqları. Ensiklopediya” – Azərbaycanda bu sahədə ilk olan bu geniş həcmli tədris vəsaiti hələ nəşr olunmayıb. Kitaba insan hüquqlarının həm nəzəri, həm də praktiki aspektlərini əhatə edən minlərlə məqalə daxil edilib. Ensiklopediya insan hüquqlarının tarixini, inkişafı və təsnifatını, eləcə də beynəlxalq və milli hüquqi çərçivələri araşdırır. Məqsəd insan hüquqları sahəsində daha dərin anlayış formalaşdırmaq və Azərbaycan cəmiyyətində hörmət mədəniyyətini və hüquqi savadlılığı təşviq etməkdir.

Altı tədris vəsaitinin hamısı tələbələr, müəllimlər, elmi ictimaiyyətin nümayəndələri, hüquqşünaslar, insan hüquqları müdafiəçiləri, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, magistr və doktorantlar, hüquq alimləri və təcrübəçiləri, eləcə də mediatorlar və siyasətçilər daxil olmaqla geniş auditoriya üçün nəzərdə tutulub.

 

Layihənin ümumi dəyəri 230038 AZN-dir (135316 ABŞ dolları) və bu məbləğə məzmunun hazırlanmasından nəşr və layihənin idarə olunmasına qədər bütün xərclər daxildir.

 

Layihə “Müasir Beynəlxalq Hüquq və Davamlı İnkişaf” ictimai birliyi tərəfindən icra olunur.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.


bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.


Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.


Azərbaycanda bp şirkətində təxminən 2398 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.


bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95