Skip to main content
  1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Azərbaycanda inklüziv təhsil üçün bacarıqların artırılması

Azərbaycanda inklüziv təhsil üçün bacarıqların artırılması

Tarix:
17 noyabr 2026-cı il

bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları  - “SOCAR”, “TPAO”, “LUKOIL”, “SGC”, “NICO”, “MOL”, “INPEX”, “ExxonMobil”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından Azərbaycanda inklüziv təhsilə dəstək məqsədli bir sosial sərmayə layihəsinin uğurla başa çatdığını məmnuniyyətlə elan edir.

 

Layihə çərçivəsində Azərbaycan İdman Akademiyasının Adaptiv bədən tərbiyəsi, İdman tibbi və reabilitasiya, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, Kütləvi-sağlamlaşdırıcı idman və Məşqçilik ixtisasları üzrə təhsil alan 165 tələbənin inklüziv tədris bacarıqlarının inkişaf etdirilməsinə dəstək göstərilib.

 

Layihə iştirakçıları əlilliyi olan və olmayan şəxslər arasında ünsiyyəti, bədii özünüifadəni, özünəinamı və əməkdaşlığı təşviq edən, beynəlxalq səviyyədə tanınmış inklüziv hərəkət praktikası olan DanceAbility® metodu üzrə 30 saatlıq təlim, təlimçi nəzarəti altında məşğələlər və praktiki çalışmalar keçiblər. Tələbələr hərəkət vasitəsilə ünsiyyət, verbal və qeyri-verbal əlaqə, bədən fərqindəliyi, qrup şəklində əməkdaşlıq və inklüziv fəaliyyətlərin təşkili və idarə olunması üzrə bacarıqlar əldə ediblər.

 

Layihə çərçivəsində həmçinin əlilliyi olan və olmayan şəxslərin iştirakı ilə keçirilən təlim-seminarlar, çıxışlar və əlçatanlığın təmin edilməsinə yönəlmiş təşəbbüslər təşkil edilməklə tələbələr üçün əldə etdikləri bilik və bacarıqları praktikada tətbiq etmək imkanı yaradılıb.

 

Təlim proqramını uğurla başa vurmuş bütün iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilib.

 

Gözlənilir ki, layihə sayəsində gələcək mütəxəssislər təhsil, reabilitasiya, istirahət və asudə vaxtın təşkili sahələrində müxtəlif qabiliyyət və ehtiyacları olan şəxslər, o cümlədən əlilliyi və neyromüxtəlifliyi olan uşaqlar üçün daha inklüziv və əlçatan təlim mühiti yarada biləcək. 

 

Bu layihə Azərbaycanda inklüziv təhsilin dəstəklənməsi və cəmiyyətdə inklüzivliyin artırılması istiqamətində bundan əvvəl həyata keçirdiyimiz səylərin davamıdır. İnklüziv təhsil sadəcə təhsilin hamı üçün əlçatan olmasını təmin etməyi nəzərdə tutmur və daha geniş məna daşıyır. Bu, hər bir uşağın və yeniyetmənin özünü dəyərli hiss etdiyi, mehribanlıqla qarşılandığı və ona hörmətlə yanaşıldığı bir mühit yaratmaq deməkdir. Ümid edirik ki, gələcək müəllimlərə və digər mütəxəssislərə inklüziv tədris üzrə praktiki bacarıqlar qazandırmaqla bu layihə erkən yaşlardan etibarən belə bir mədəniyyətin formalaşmasına kömək edəcək və zaman keçdikcə hər kəsin iştirak etmək və öz potensialını reallaşdırmaq imkanına malik olduğu daha inklüziv cəmiyyətin inkişafına töhfə verəcək.bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli

 

14 ay davam edən bu layihənin ümumi dəyəri 91550 AZN (53853 ABŞ dolları) təşkil edir.

 

Layihə “DanceAbility Azerbaijan” şirkəti tərəfindən icra olunub.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 34 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 89 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

 

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

 

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 115 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

 

Azərbaycanda bp şirkətində təxminən 2313 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Aytən Əfəndizadəyə müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 60 00