Skip to main content
  1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Azərbaycanda jest dilinin oyrənilməsi üçün yeni mobil tətbiq

Azərbaycanda jest dilinin oyrənilməsi üçün yeni mobil tətbiq

Tarix:
8 oktyabr 2025-ci il

bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından məmnuniyyətlə elan edir ki, cəmiyyətdə inklüzivliyin təşviqinə yönəlmiş daha bir sosial sərmayə layihəsini uğurla başa çatdırıb. Layihədə məqsəd eşitmə və nitq qüsurlu şəxslərin digər insanlarla və öz aralarında ünsiyyət imkanlarını genişləndirməkdir.

 

Layihə “Nar” və ADA Universiteti ilə əməkdaşlıqda həyata keçirilmişdir.

 

Təşəbbüs bp və onun tərəfdaşlarının Azərbaycanda təhsilin inkişafına töhfə vermək və inklüziv cəmiyyətin formalaşdırılmasına dəstək vermək öhdəliyini əks etdirir.

 

Layihədə əsas diqqət Azərbaycan jest dilinin öyrənilməsi üçün əlçatan və interaktiv platforma kimi nəzərdə tutulmuş yeni mobil tətbiqin hazırlanmasına yönəlmişdir. Pedaqoji yanaşmaya əsaslanan bu tətbiq sadə lüğət anlayışından kənara çıxaraq, strukturlaşdırılmış dərslər, interaktiv tapşırıqlar, viktorinalar və qiymətləndirmələr təqdim edir və bununla da dilin hərtərəfli mənimsənilməsini təmin edir.

 

Yeni istifadəyə verilmiş tətbiq istifadəçi interfeysi də daxil olmaqla bütünlüklə Azərbaycan dilindədir. Platformaya xüsusi olaraq layihə üçün hazırlanmış 789 video, 358 jest dili sözü və 27 illüstrativ şəkil daxil edilib ki, bu da öyrənmə prosesini həm maraqlı, həm də səmərəli edir. Bu məzmun istifadəçilərə jest dili lüğətini genişləndirməyə kömək etməklə yanaşı, vizual və interaktiv alətlər vasitəsilə real ünsiyyət ssenarilərini məşq etməyə imkan verir.

 

Mobil tətbiqi bütün əsas tətbiq platformalarından yükləmək mümkün olacaq.

 

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, dedi:

 

“Əsl inklüzivlik ünsiyyətdən başlayır. Bu mobil tətbiqin hazırlanmasına dəstək göstərməklə, bp və onun tərəfdaşları, “Nar” və ADA Universiteti öz səylərini birləşdirərək hər kəsin eşidilə və duyula biləcəyi bir cəmiyyətin qurulmasına töhfə vermək niyyətindədirlər. Bu layihə təkcə innovativ bir öyrənmə vasitəsi təmin etmir, o, həm də anlama, empatiya və ünsiyyət üçün yeni imkanlar yaradır. İnanırıq ki, hər bir insan özünü cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etməsi üçün müvafiq vasitələrlə təmin edilməlidir. İnklüzivliyi, bərabər istifadə hüququnu və bərabər imkanları təşviq etməklə bu layihə həmin məqsədə yönəlmiş səyləri dəstəkləyir.

 

12 aya tamamlanmış bu layihəyə bp və onun tərəfdaşlarının töhfəsi təxminən 117,000 AZN (68824 ABŞ dolları) təşkil etmişdir. Bu məbləğ layihənin bütün mərhələləri, yəni məlumatların toplanması, jest dili üzrə mütəxəssislərlə məsləhətləşmələr, tətbiqin dizaynı, hazırlanması və sınaqdan keçirilməsi, eləcə də tətbiqin onlayn platformalarda yerləşdirilməsi və bulud hostinq xidmətləri üzrə xərcləri əhatə edir.

 

Layihənin icraçısı ADA Universiteti və ADA Universiteti Fondudur.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

 

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

 

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.


Azərbaycanda bp şirkətində təxminən 2395 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.


bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün: 

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95