1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Azərbaycanın dünyada təbliğinə töhfə

Azərbaycanın dünyada təbliğinə töhfə

Tarix:
30 sentyabr 2022-ci il

 

Heydər Əliyev Fondu və bp şirkəti Azərbaycanın qədim və zəngin tarixini və mədəniyyətini təbliğ edən yeni bir filmi dünən ictimaiyyətə təqdim ediblər. Heydər Əliyev Fondu və bp-nin birgə dəstəyi ilə ərsəyə gəlmiş  “Dünya xəzinələri – Azərbaycan” adlı filmin  premyerası Heydər Əliyev Mərkəzində təxminən 1000 nəfərlik auditoriyanın iştirakı ilə baş tutub.

 

Film Bakı, Şuşa, Qobustan və Şəkinin ecazkar və əsrarəngiz tarixi və mədəni irs xəzinələrini təqdim edir və Azərbaycanın misilsiz mədəni irsinin beynəlxalq miqyasda təbliğinə növbəti bir töhfədir.

 

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional
prezidenti Qəri Counz dedi:

 

"Bu, çox sayda insanın dəstəyi ilə ərsəyə gəlmiş möhtəşəm bir filmdir. Azərbaycanın mədəni irsinin bu cür tədqiq edilməsi və  dünya ictimaiyyətinə mükəmməl şəkildə təqdim edilməsində əməyi olan bütün insanlara minnətdarlığımızı bildiririk. Azərbaycandakı fəaliyyətimizin 30-cu ildönümündə hökumət, SOCAR və tərəfdaşlarımızla birlikdə əldə etdiyimiz möhtəşəm nailiyyətlərə bir daha nəzər saldığımiz bir vaxtda, Azərbaycanın beynəlxalq miqyasda təbliğinə bu böyük töhfəni verə bilməyimizdən qürur və şərəf duyuruq. Ümid edirik ki, milyonlarla insan Azərbaycanı dünyanın mədəniyyət xəzinəsinin
bir incisi kimi təqdim edən bu filmdən böyük zövq alacaq".

 

Filmin müəllifi tarixçi, yazıçı, aparıcı və möhtəşəm “Dünya Xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı professor Bettani Hyuzdur. Professor Hyuz ölkəmizin tarixini və mədəniyyətini araşdırmaq və özünün əsrarəngiz filmlərindən birini Azərbaycanın möcüzəvi mədəniyyət xəzinəsinə həsr etmək üçün iyun ayında Azərbaycana səfər etmiş və çəkilişlər aparmışdı.

 

Film artıq BBC telekanalı vasitəsilə “İpək Yolu” və ”Odlar Yurdu” adlanan iki hissədə beynəlxalq ictimaiyyətə çatdırılıb. Azərbaycan auditoriyası üçün bp və Heydər Əliyev Fondu filmin Azərbaycan və ingilis dillərində 60 dəqiqəlik tam
versiyasını hazırlayıb və onu ictimai yayım üçün yerli telekanallara təqdim etməyi planlaşdırır.

 

Heydər Əliyev Fondu və bp-nin tərəfdaşlığı ilə hazırlanan film Böyük Britaniyanın “Sandstone Global Productions” şirkəti tərəfindən Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.

 

Layihənin ümumi dəyəri 300 000 funt sterlinqdir.

 

Redaktorlar üçün qeydlər


bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.


Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib. 


Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təxminən 103 milyon dollar vəsait xərcləmişdir.


bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95