Skip to main content
  1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Azərbaycanın milli mətbuatının 150 illiyinə bp-nin töhfəsi

Azərbaycanın milli mətbuatının 150 illiyinə bp-nin töhfəsi

Tarix:
10 iyul 2025-ci il

bp məmnuniyyətlə elan edir ki, Azərbaycanda həyata keçirdiyi sosial sərmayə fəaliyyətləri çərçivəsində daha bir mühüm mədəni irs layihəsinə dəstək verib.

 

Layihə çərçivəsində bp XX əsrin əvvəllərində Azərbaycanın intellektual və ədəbi həyatının formalaşmasında mühüm rol oynamış nüfuzlu nəşr olan “Dirilik”  jurnalının bütün saylarının transliterasiya olunmuş variantının çapını maliyyələşdirib.

 

Bütövlükdə layihə “Dirilik” jurnalının orijinal mətnlərinin əski əlifbadan (ərəb) Azərbaycan dilinin müasir əlifbasına transliterasiya etməklə həmin dəyərli yazıların bu günün oxucularına, tədqiqatçılarına və gələcək nəsillərə əlçatan olmasını təmin etmək məqsədi daşıyır.

 

Bu təşəbbüs bp-nin Azərbaycanın zəngin mədəni irsini və tarixini təbliğ etmək öhdəliyinin bir hissəsi olmaqla şirkətin ölkə və xalqla uzunmüddətli tərəfdaşlığını bir daha vurğulayır.

 

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi:

 

“Bu nəşri maliyyələşdirməkdən çox məmnunuq, çünki bu, Azərbaycanın mədəni və intellektual irsinin qorunmasına və təbliğinə mühüm bir töhfədir. Bu tarixi mətnlərin müasir oxucular üçün yenidən canlandırılmasına yönəlmiş səyləri dəstəkləməkdən qürur duyuruq.

 

Jurnalın ilk buraxılışında baş redaktor Əliabbas Müznibin oxucuları tarixdən dərs almağa və milli özünüdərk və maarifləndirmə yolu ilə həm fiziki, həm də mənəvi diriliyi mənimsəməyə çağırdığı “Məqsədlərimiz” adlı redaksiya məqaləsi dərc olunmuşdu. Jurnalın şüarı olan “Mətbuatın sözü əsrin sözü olmalıdır” ifadəsi isə onun maarifləndirici və ruhlandırıcı missiyasını əks etdirirdi. Ümid edirik ki, Azərbaycanın erkən dövr mətbuatının parlaq nümunələrinin transliterasiyasını dəstəkləməklə biz, bu missiyanı bu gün də qürurla davam etdirən Azərbaycanın milli mətbuatının 150 illik yubileyinə töhfə vermiş oluruq.”

 

İlkin olaraq 1914–1916-cı illərdə nəşr olunan “Dirilik” jurnalı Azərbaycan publisisti, yazıçısı və siyasi xadimi Mirzə Bala Məhəmmədzadə tərəfindən “türk dünyasının ədəbi, ictimai və siyasi jurnalı” kimi xarakterizə olunmuşdur. Jurnalda ictimai və siyasi hadisələrə, ədəbiyyata, mədəniyyətə və tarixə dair məqalələr dərc olunur, milli birliyin, mədəni tərəqqinin və milli kimliyin təbliğinə xüsusi önəm verilirdi.

 

“Dirilik” jurnalında Məhəmməd Əmin Rəsulzadə, İsmayıl bəy Qaspıralı, Cəfər Cabbarlı, Əliağa Vahid və digər tanınmış Azərbaycan ziyalılarının, yazıçı və şairlərinin əsərləri dərc olunmuşdur. Bu jurnal öz dövrünün ən mühüm ədəbi və ideoloji mərkəzlərindən biri kimi geniş tanınır. 

 

Layihə Milli İrsi Mədəni Tarixi Araşdırmalar fondu tərəfindən həyata keçirilmişdir.

 

bp bu toplunun nəşr xərclərini qarşılamaq üçün 25000 AZN (14700 ABŞ dolları) vəsait ayırmışdır.

 

Redaktorlar üçün qeydlər

bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.


bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.


Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.


Azərbaycanda bp şirkətində təxminən 2398 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.


bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün http://www.bp.com/azerbaijan vebsaytına daxil olun.

Əlavə məlumat üçün: 

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95