1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün imkanların yaradılması

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün imkanların yaradılması

Tarix:
14 mart 2023-cü il

bp bu gün əlilliyi olan şəxslərin cəmiyyətə inamla və effektiv şəkildə inteqrasiyasına töhfə vermək səylərinin bir hissəsi olan daha bir sosial sərmayə layihəsinin uğurla başa çatdığını elan edib.


Layihə DanceAbility® adlı beynəlxalq təlim metodu əsasında hazırlanıb. Layihənin məqsədi DanceAbility® metodunun təklif etdiyi universal ünsiyyət üsulları vasitəsilə əlilliyi olan şəxslərin müalicəsi və reabilitasiyasında inklüzivliyi təmin etmək idi.

 

Layihə çərçivəsində Bakı, Yevlax və Şirvandakı reabilitasiya mərkəzlərinin mütəxəssisləri üçün DanceAbility® metodu üzrə təlimlər təşkil olunub. Reabilitasiya mərkəzlərinin 52 əməkdaşı üçün ümumilikdə 28 olmaqla 14 onlayn və 14 oflayn DanceAbility® təlim sessiyası keçirilib. Təlim keçmiş bütün mütəxəssislər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini təmsil edirlər.

 

Təlim sessiyaları əsasən özünüifadə, özünəinam, kreativlik, ünsiyyət bacarıqları, empatiya, psixi və fiziki rifahın yaxşılaşdırılması və digər mövzuları əhatə edib.

 

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihənin uğurla başa çatması münasibətilə bu gün keçirilmiş tədbirdə çıxış edərkən deyib:

 

“Layihənin əsas məqsədi əlilliyi olan şəxslərə hamımız üçün ortaq bir dil olan hərəkət və rəqs dili vasitəsilə ünsiyyət qurmağa kömək etmək idi. Bu dilin əlilliyi olan şəxslərin cəmiyyətdə tam və səmərəli şəkildə iştirakına əngəl olan maneələrin aradan qaldırılması istiqamətində çox effektiv olduğu artıq sübut edilib. DanceAbility® metodunun istifadə etdiyi 200-dən çox məşq hərəkəti hər yaşda olan insanlara bu metoddan eyni dərəcədə faydalanmağa imkan verməklə onlara özlərini cəmiyyətin fəal tərkib hissəsi kimi hiss etməyə və özgüvənini artırmağa kömək edir.

 

“İnanırıq ki, bu layihə əlilliyi olan şəxslərin daha geniş cəmiyyətə inteqrasiyası üçün unikal və innovativ imkanlardan birini təmin edərək minlərlə insana özünəinam və özünüifadə hissi bəxş edəcək. Həqiqətən də, Bakı, Yevlax və Şirvan şəhərlərindəki reabilitasiya mərkəzlərinin 50-dən çox mütəxəssisinə təlim keçməklə biz həmin ərazilərdə yaşayan əlilliyi olan 8000-dən çox insana fayda verəcəyimizə ümid edirik”.

 

Layihənin ümumi dəyəri 42950 AZN ($25264) təşkil edib. Həmin məbləğə əsasən təlimlərin keçilməsi və səkkiz təlim videoçarxının hazırlanması xərcləri daxildir.

 

Layihə hazırda Azərbaycanda DanceAbility® təlimlərini keçmək hüququna malik yeganə yerli təşkilat olan DanceAbility Azərbaycan MMC tərəfindən həyata keçirilib.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 30 ildən çoxdur ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.


bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.


Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 107 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

 

Azərbaycanda bp şirkətində təxminən 2380 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95