1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Gəncə universitetlərinin müəllimləri üçün peşəkar inkişaf imkanı

Gəncə universitetlərinin müəllimləri üçün peşəkar inkişaf imkanı

Tarix:
5 may 2023-cü il

Dünən bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “TPAO”, “SOCAR”, “SGC”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “Eni”, “TotalEnergies”, “ONGCVidesh” – adından Gəncə universitetlərindən seçilmiş 70 müəllim üçün ingilis dili biliklərini təkmilləşdirməyə və innovativ tədris bacarıqlarını inkişaf etdirməyə yönəlmiş yeni təhsil layihəsinin başlanmasını elan edib. bp və tərəfdaşlarının yerli universitetlərlə sıx əməkdaşlığının bir hissəsi olan bu layihə ölkədə tədrisin keyfiyyətinin yüksəldilməsi və universitetlərin potensialının artırılması səylərini dəstəkləyəcək.


Layihənin ümumi məqsədi müəllimlərin ingilis dili biliklərini təkmilləşdirməklə və onları yeni tədris metodologiyaları ilə təmin etməklə Gəncənin ali təhsil müəssisələrində tədrisin keyfiyyətini artırmaqdır.


Kursun əvvəlində layihə iştirakçılarının fiziki iştirakını nəzərdə tutan və Gəncədə təşkil ediləcək ikigünlük seminar istisna olmaqla, təlim proqramı bütövlüklə onlayn rejimdə həyata keçiriləcək.


İngilis dili üzrə təlimlər müəllimlərin hər dörd bacarığının - yazı, danışıq, oxuma və dinləmə bacarıqlarının təkmilləşdirilməsinə yönəldiləcək. Bundan əlavə, proqram layihə iştirakçılarını yeni tədris üsulları və metodları ilə təmin edəcək ki, bu da müəllimlərin dərslərdə daha effektiv olmasına kömək edəcək və bununla da onların ümumi peşəkar inkişafına töhfə verəcək.


Layihənin başlanması münasibətilə dünən Azərbaycan Dövlət Aqrar Universitetində tədbir keçirilib.

 

Tədbirdə çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib:

 

“İnanırıq ki, bu yeni layihə Azərbaycanda ingilis dili tədrisinin keyfiyyətini və potensialını daha da yaxşılaşdırmağa kömək edəcək. Bu təşəbbüs bp və tərəfdaşlarının bundan öncə Gəncə şəhərinin orta məktəbləri üçün həyata keçirdikləri oxşar məqsədli təhsil proqramının davamıdır.

 

Eyni zamanda, yeni layihə daha geniş iştirak və məzmun imkanları təklif edir. İngilis dili müəllimlərindən əlavə, digər fənn müəllimləri də layihəyə qatılacaq və beləliklə, onlar da öz tədris bacarıq və metodologiyalarını təkmilləşdirərək layihədən faydalanacaqlar. Hamıya məlumdur ki, uğurlu olmaq üçün yalnız mükəmməl ixtisas bilikləri yetərli deyil. Buna görə də biz yalnız ingilis dili biliklərinin təkmilləşdirilməsini deyil, tədrisin daha geniş aspektlərinə diqqət etməklə layihənin əhatə dairəsini genişləndirmək qərarına gəldik.”

 

Layihə üzrə işlər 2023-cü ilin aprel ayında başlayıb və 2024-cü ilin aprel ayınadək bir il davam edəcək.


“British Council” təşkilatı tərəfindən yerinə yetirilən bu layihənin dəyəri təxminən 150000 AZN ($88000) təşkil edir.  

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 30 ildən çoxdur ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

 

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

 

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 108 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

 

Azərbaycanda bp şirkətində 2307 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95