1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. “Heydər Əliyev İli”nə bp-nin töhfəsi

“Heydər Əliyev İli”nə bp-nin töhfəsi

Tarix:
26 sentyabr 2023-cü il
"Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur.”

Heydər Əliyev

Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi bp Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə qeyd olunan “Heydər Əliyev İli”nə öz töhfəsi kimi yeni nəşr olunmuş dörd kitabın təqdimatını keçirib.

 

Kitablarda Azərbaycanın yeni müstəqil neft strategiyasının möhtəşəm tarixi, bu ölkənin yenidən dünyanın mühüm enerji mərkəzlərindən birinə çevrilməsi həqiqəti qiymətli tarixi faktlar və məlumatlar vasitəsilə nəql olunur.

 

Bu nəşr Azərbaycanın enerji səlnaməsinin dörd əsas sütunu - Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağı, Şahdəniz qaz yatağı, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri və Cənub Qaz Dəhlizi haqqındadır.

 

Bu gün Bakıda keçirilmiş təqdimat mərasimində çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: 

 

“AÇG, Şahdəniz, BTC və Cənubi Qafqaz Boru Kəməri Azərbaycanın dünya səviyyəli layihələridir. Onların hər birinin tarixi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və xalqının gələcəyi naminə müdrikliklə yaratdığı strategiyadan başlayır. Faktiki olaraq, Azərbaycanın müasir tarixi və yeni neft dövrü məhz onun uzaqgörən rəhbərliyi altında formalaşıb. Bu kitabları nəşr etməklə biz Ulu Öndərin 100 illiyi münasibətilə qeyd olunan “Heydər Əliyev İli”nə öz töhfəmizi vermək və onun Azərbaycanın və bütün regionun inkişafındakı müstəsna rolunu ehtiramla yad etmək istəmişik.

 

Bu gün təqdim etdiyimiz kitablar illərlə aparılan geniş araşdırmaların və bu yeni tarixin yazılmasında iştirak edən şəxslərlə canlı müsahibə və söhbətlərin nəticəsidir. Fəxr edirik ki, bu töhfəmizlə Heydər Əliyevin bu möhtəşəm tarixdəki misilsiz rolu üçün minnətdarlıq və ehtiramımızı bir daha ifadə edə bildik.”.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 31 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

 

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

 

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 109 milyon ABŞ dolları vəsait xərcləmişdir.

 

Azərbaycanda bp şirkətində təxminən 2349 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:


bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95