1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. İcmaların dayanıqlı gələcəyinə töhfə

İcmaların dayanıqlı gələcəyinə töhfə

Tarix:
15 noyabr 2021-ci il

 

  • İstedadlı gənclərin inkişafına töhfə
  • Aztəminatlı ailələrdən olan yüzlərlə uşaq üçün ali təhsil almaq imkanı
  • İcmaların özlərinə etibarlı gələcək qura bilməsinə dəstək

 

Bu gün bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “PETRONAS”, “MOL”, “LUKOİL”, “NİCO”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “SGC”, “İTOCHU”, “ONGC”, “TOTAL”, “Eni” – adından, ali təhsil müəssisələrinə yeni daxil olmuş 63 gəncin uğurunu qeyd etmək üçün tədbir keçirib. Onlar bp və tərəfdaşlarının beş ildir dəstəklədiyi “Gələcəyini Qur” layihəsi üçün aztəminatlı ailələrdən seçilmiş və bir il həmin proqramda hazırlıq keçmiş gənclərdir.


Bu layihə bp və tərəfdaşlarının qonşu icmaların bacarıq və səriştələrinin artırılmasına və sosial inkişafına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Layihə çərçivəsində aztəminatlı ailələrdən seçilmiş 11-ci sinif şagirdlərindən ibarət böyük bir qrupa universitetə daxil olmaq üçün birillik geniş hazırlıq təlimləri keçilir. Bu günədək Qaradağ, Kürdəmir, Ucar, Ağdaş, Yevlax və Hacıqabul rayonlarındakı müxtəlif icmaları təmsil edən  təxminən 400 aztəminatlı ailə bu layihədən faydalanıb.


Beş il ərzində layihədə ümumilikdə iştirak etmiş  389 nəfərdən təxminən 334-ü, iştirakçıların təxminən 90%-i ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək müxtəlif universitet və kolleclərdə tələbə adını qazanıb. Builki mərhələnin 74  iştirakçısından 52-si universitetlərə və 11-i kolleclərə qəbul olunub, onlardan yeddisi (iki nəfər 600-dən çox bal toplamış iştirakçı da daxil olmaqla) 500-dən yuxarı bal toplayıb.


bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz çıxışında demişdir: “Çox məmnunuq ki, beş ildir bu layihəyə dəstək veririk və layihənin ümumi uğurundan ruhlanaraq, bu təşəbbüsü 2022-ci ildə də davam etdirmək qərarına gəlmişik. İnanırıq ki, bu layihə obyektlərimizin qonşuluğunda yaşayan icmaların gələcəyinə yaxşı sərmayədir. Bu həm də öz icmalarının dayanıqlı gələcəyini təmin edəcək bilikli, yüksək təhsilli və bacarıqlı gənc nəslin yetişdirilməsi üçün gözəl bir imkandır.”


Layihənin beş mərhələsinin ümumi dəyəri təxminən 1,3 milyon AZN-dir və hər bir mərhələnin müddəti bir ildir. 


Layihə “Build Your Future” MMC tərəfindən yerinə yetirilir.


Redaktorlar üçün qeydlər


bp şirkəti Azərbaycanda 28 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 82 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.


Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.


Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 96 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.


Azərbaycanda bp şirkətində təxminən 2300 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.


bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün: 

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95