1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. İngilis dili tədrisi potensialının gücləndirilməsinə dəstək

İngilis dili tədrisi potensialının gücləndirilməsinə dəstək

Tarix:
28 noyabr 2022-ci il

Bu gün bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “SGC”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “TotalEnergies”, “Eni”, “ONGCVidesh” – adından Gəncə məktəblərində ingilis dili tədrisinin keyfiyyətinin artırılmasına dəstək məqsədli təhsil proqramının uğurla tamamlandığını elan edib. 

 

Layihə Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və bp və tərəfdaşlarının təhsilin inkişafını dəstəkləmək və ölkənin təhsil müəssisələrinin ümumi potensialını artırmaq öhdəliyinin bir hissəsidir.

 

Proqram xüsusi olaraq təxminən 120 məktəb müəlliminin öz ingilis dili biliklərini artırmasına və tədris metodologiyalarını təkmilləşdirməsinə yardım etmək üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə ingilis dilinin xarici dil (EFL) kimi tədrisinin ən müasir və kommunikativ formalarına əsaslanan geniş təlimlər keçirilmişdir. Buna müvafiq olaraq, proqramın kurikulumu tədris metodologiyasının bütün aspektlərini əhatə etməklə ümumi ingilis dilindən, yəni ingilis dilində şifahi və yazılı ünsiyyət və metodologiya təlimindən ibarət olub.

 

Layihənin bütün iştirakçıları Elm və Təhsil Nazirliyinin Gəncə–Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən seçilib. Təlim qrafiki də bu idarə tərəfindən təklif edilib və beş həftə ərzində gündə altı akademik saatdan ibarət olub. Dərslər hər birində 12 müəllim olmaqla 10 qrupda keçirilib.

 

Seçilmiş müəllimlərin proqram çərçivəsində irəliləyişini qiymətləndirmək üçün onlar proqramın əvvəlində dil səviyyəsi testi, proqramı bitirdikdən sonra isə Aptis testləri veriblər.

 

Layihənin ümumi dəyəri təxminən 261000 AZN (154000 ABŞ dolları) təşkil edib. 

 

Layihə “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən yerinə yetirilib.

 

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli demişdir:

 

“Bu mühüm proqramın əsas məqsədlərindən biri iştirakçıların öz ingilis dili biliklərini əhəmiyyətli dərəcədə təkmilləşdirmələrinə və layihə nəticəsində ən azı bir CEFR səviyyəsi artırmalarına imkan yaratmaq idi. Nəticələr bizi çox sevindirir - bütün dərslərdə iştirak edən müəllimlərin təxminən 70%-i ingilis dili biliklərində əla irəliləyiş nümayiş etdirərək Aptis testlərindən uğurla keçib. İnanırıq ki, bu, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin məktəblərində güclü ingilis dili tədrisi potensialının yaradılmasına əhəmiyyətli dərəcədə kömək edəcək.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük. 

 

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib. 

 

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 105 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

 

Azərbaycanda bp şirkətində təxminən 2300 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95