Bu gün bp Azərbaycanda yüksək ixtisaslı yerli kadrların yetişdirilməsinə dəstək məqsədli sosial sərmayə layihəsinin üçüncü mərhələsinin uğurla başa çatdığını elan edib. Bu təhsil layihəsi bp-nin dünya səviyyəli yerli mütəxəssislər yetişdirməklə ölkənin dayanıqlı gələcəyinə töhfə vermək öhdəliyinin bir hissəsidir.
Əvvəlki mərhələlərin uğuruna əsaslanaraq, layihənin üçüncü mərhələsində 30 istedadlı azərbaycanlı gəncə dəstək verilib və onların hamısı Avropanın, Asiyanın və ABŞ-nin nüfuzlu beynəlxalq universitetlərinə qəbul olublar. İştirakçılardan 10-u bakalavr proqramlarına, 20-si isə magistr pilləsi üzrə müraciət edib.
Layihə iştirakçıları Bilkent Universiteti, London İmperial Kolleci, Kembric Universiteti, London Universitet Kolleci (UCL), Sinqapur Milli Universiteti, Kolumbiya Universiteti, Kaliforniya Universiteti, Berkli (UCB), Cons Hopkins Universiteti, Mançester Universiteti, Bolonya Universiteti, Honq Konq Universiteti və Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST) kimi dünyanın ən yüksək reytinqli universitetlərinə və digər nüfuzlu ali təhsil müəssisələrinə qəbul olublar. Bu nəticələr iştirakçıların yüksək akademik potensialını və layihə çərçivəsində göstərilən dəstəyin effektivliyini əks etdirir.
Layihə iştirakçıları aztəminatlı ailələrdən seçiliblər. Layihə çərçivəsində onlara SAT və IELTS testlərinə və qəbul imtahanlarına hazırlıq təlimləri, həmçinin beynəlxalq tələbələrə tam təqaüd təklif edən universitetlərə müraciət etmək üçün təlimatlandırma daxil olmaqla hərtərəfli dəstək göstərilib. Nəticədə, 30 tələbədən 24-ü artıq müxtəlif mənbələrdən təqaüd qazanıb, qalan 6 nəfərin təqaüd müraciətləri isə hazırda nəzərdən keçirilir.
Gənc istedadların nailiyyətlərini qeyd etmək münasibətilə bu gün keçirilən tədbirdə layihə iştirakçılarına sertifikatlar verilmiş və onlar öz gələcək planları ilə bağlı fikirlərini bölüşmüşlər.
“Bu təşəbbüsün davamlı uğurlarını görməkdən çox məmnunuq. Layihə Azərbaycanın istedadlı gənclərinə dəstək olmaqla ölkənin parlaq gələcəyinin formalaşmasına töhfə verir. Dünyanın ən nüfuzlu universitetlərinə qəbul olan tələbələrin sayının artması onların istedadını və əzmkarlığını, eləcə də təhsilə sərmayə qoymağın vacibliyini bir daha təsdiqləyir. Biz milli kadrların inkişafını dəstəkləmək və Azərbaycanın dayanıqlı, firavan gələcəyinə töhfə vermək öhdəliyimizə sadiqik.”
Ümumi dəyəri 150 000 AZN (88235 ABŞ dolları) olan üçüncü mərhələnin müddəti 11 ay (2024-cü ilin avqustundan 2025-ci ilin iyuluna qədər) idi.
Layihə yerli təşkilat olan “ROOF Academic Training” tərəfindən həyata keçirilib.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2395 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95