1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Məktəb psixoloqları üçün stolüstü kitab

Məktəb psixoloqları üçün stolüstü kitab

Tarix:
1 İyul 2022

 

Bu gün bp şirkəti məktəb psixoloqlarının öz işlərini daha səmərəli qurmaları üçün onların stolüstü kitabı olacaq 368 səhifəlik bir vəsaitin təqdimatını keçirib. Kitab geniş nəzəri biliklərin, eləcə də beynəlxalq miqyasda istifadə olunan iş və psixoloji məsləhət metodları və yanaşmalarının praktiki tətbiqini əhatə edən bir mənbədir.


Layihə Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilib. Layihənin əsas məqsədi məktəb psixoloqlarını məktəblərdə ən çox rast gəlinən mürəkkəb psixoloji problemlərin, o cümlədən stress, psixi və mənəvi travma halları, eləcə də pandemiyadan sonra yaranmış psixi və əqli sağlamlıq problemləri və sindromlarının aradan qaldırılması üçün zəruri olan nəzəri və praktiki biliklərlə təmin etməkdir. 


Kitaba daxil edilmiş geniş əhatəli mövzuların hər biri həmin sahənin mütəxəssisi olan yerli ekspert – ümumilikdə doqquz müəllif, tərəfindən toplanmış və hazırlanmışdır. Müvafiq fənlər üzrə ixtisaslaşan universitet tələbələri, habelə məktəblilərin valideynləri də kitabdan istifadə edə bilərlər.

 

Bu gün bp şirkətinin təşkil etdiyi təqdimat mərasimində çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi:

 

“Azərbaycanda ilk dəfədir ki, məktəb psixoloqları üçün onların həm nəzəri, həm də praktiki mənbə olaraq  istifadə edə biləcəyi bu həcmdə və bu əhatədə vəsait nəşr olunur. Biz bu layihəni xüsusi olaraq elə hazırlamışıq ki, ondan uşaq psixologiyası ilə məşğul olan hər kəs faydalana bilsin. Sözügedən mövzu məktəblərin və valideynlərin pandemiyadan sonra uşaqların psixi və fiziki sağlamlığında yaranmış problemlərdən irəli gələn çətinlikləri aradan qaldırmalı olduqları bu dövrdə xüsusilə aktualdır. Kitabı hazırlayarkən biz onun məktəb psixoloqlarının və valideynlərin əsas istinad mənbəyi olmasını təmin edəcək bütün sahələri və mövzuları əhatə etməsi üçün Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə sıx əməkdaşlıq etmişik."

 

Layihənin müddəti yeddi ay, ümumi dəyəri isə təxminən 54000 manat təşkil edib. 
Layihə yerli təşkilat AZEDU MMC tərəfindən həyata keçirilib.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.


Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib. 


Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təxminən 101 milyon dollar vəsait xərcləmişdir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95