Skip to Main Content
  1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Ölkə üçün yeni rəqəmsal mediasiya platforması

Ölkə üçün yeni rəqəmsal mediasiya platforması

Tarix:
10 iyun 2025-ci il

bp Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından ölkədə qabaqcıl rəqəmsal transformasiya səylərini dəstəkləyən bir sosial investisiya layihəsinin uğurla tamamlandığını elan edib. Layihədə məqsəd Azərbaycan Mediasiya Şurasının xidmətlərini təkmilləşdirlmək üçün yeni rəqəmsal platformanın yaradılması idi. Bu təşəbbüs ölkə üzrə mediasiya xidmətlərindən istifadə imkanlarının və bu xidmətlərin səmərəliliyinin artırılması səylərinə əhəmiyyətli töhfədir.

 

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti, Bəxtiyar Aslanbəyli dedi:

 

“Azərbaycan üçün nisbətən yeni olan bu sahənin inkişafına töhfə verən bu layihəni dəstəkləməkdən məmnunuq. Mediasiya Şurasının müraciətləri indiyədək əl ilə idarə etməsi tez-tez gecikmələrə və istifadəçilər arasında narazılığa səbəb olurdu. Artan tələbatı və müasirləşmə ehtiyacını nəzərə alaraq, tərəfdaşlarımızla birlikdə, biz mediasiya prosesinin bütün mərhələlərini sadələşdirən və rəqəmsallaşdıran əhatəli onlayn platformanın yaradılmasına dəstək verdik. İnanırıq ki, ictimai xidmətlərə əsl səmərəlilik və innovasiya gətirən bu layihə Azərbaycanın ədliyyə sisteminin rəqəmsal transformasiyasına mühüm töhfədir.

 

Yeni istifadəyə verilmiş platformada mediasiya xidmətlərinin ümumi idarəçiliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıran geniş çeşidli rəqəmsal funksiyalar təqdim edilib. Yeni platformanın əsas üstünlüklərinə daxildir:

  • İctimai istifadə imkanlarının təkmilləşdirilməsi: vətəndaşlar və hüquqi şəxslər artıq mediasiya xidmətlərindən daha sürətli və rahat istifadə edə bilərlər.
  • İş səmərəliliyinin artırılması: Mediasiya Şurası indi daha çox müraciətə baxa və dövlət müəssisələrindən tələb olunan sənədləri real vaxt rejimində əldə edə bilər.

Səkkiz ay davam etmiş bu layihənin ümumi dəyəri 126880 AZN-dir (74635 ABŞ dolları). Bu məbləğə avadanlıqların alınması və quraşdırılması, İT infrastrukturunun, proqram təminatının hazırlanması, portalın yaradılması və yeni platformanın səmərəli istifadəsinin təmin olunması üçün işçi heyətinə təlim keçilməsi daxildir.

 

Layihə Azərbaycan Mediasiya Şurası tərəfindən həyata keçirilib.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.


bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.


Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.


Azərbaycanda bp şirkətində təxminən 2398 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.


bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95