Skip to main content
  1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Ölkədə tikililərin monitorinqi və zəlzələ mühəndisliyi potensialının artırılmasına dəstək

Ölkədə tikililərin monitorinqi və zəlzələ mühəndisliyi potensialının artırılmasına dəstək

Tarix:
2 oktyabr 2026-cı il

Bu gün bp Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni laboratoriya açıb. Layihə ölkədə təhsilin inkişafına, eləcə də tədqiqat və innovasiya potensialının artırılmasına bp-nin daha bir əhəmiyyətli töhfəsidir. 


Strateji əhəmiyyətli bina və qurğuların monitorinqi və müşahidəsi laboratoriyası AzMİU-nun Zəlzələ Mühəndisliyi Elmi-Tədqiqat Mərkəzinin nəzdində yaradılıb. Laboratoriya Azərbaycanda bina və qurğuların fasiləsiz seysmik monitorinqi üçün nəzərdə tutulmuş ilk obyekt olaraq ölkədə konstruksiyaların monitorinqi, zəlzələ mühəndisliyi və tikililərin təhlükəsizliyi sahələrində potensialın gücləndirilməsinə töhfə verəcək. 


Qabaqcıl monitorinq sistemləri, xüsusi proqram təminatı və müasir mühəndislik avadanlıqları ilə təchiz edilmiş bu laboratoriya strateji əhəmiyyətli binaların və qurğuların real vaxt rejimində fasiləsiz monitorinqini həyata keçirməyə imkan verir. Bu isə mütəxəssislərə konstruksiyaların davranış göstəricilərinin qiymətləndirilməsinə, mümkün problemlərin erkən mərhələdə aşkarlanmasına və vaxtında qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradır. 


Laboratoriya həmçinin qurğuların səyyar seysmik monitorinqi sistemi ilə təchiz olunub ki, bu da müxtəlif bina və qurğuların dağıdıcı olmayan sınaq üsulları ilə birbaşa yerində qiymətləndirilməsinə imkan verir. 


Monitorinq funksiyaları ilə yanaşı, laboratoriya tədris, təlim və elmi tədqiqatların aparılması üçün də bir platforma rolunu oynayacaq. Bu, akademik biliklərin mühəndislikdə praktiki tətbiqi ilə əlaqələndirilməsinə, eyni zamanda bu sahədə yüksək bacarıqlı yerli mütəxəssislərin hazırlanmasına töhfə verəcək. 

 

Təhlükəsiz və davamlı infrastruktur şəhərsalmada dayanıqlılığın təmin olunmasında və icmaların qorunmasında mühüm rol oynayır. Laboratoriyanın yaradılmasını dəstəkləməkdə məqsədimiz Azərbaycanda tikililərin monitorinqi, seysmik təhlükəsizlik üzrə tədqiqatlar və bu sahədə mühəndislik potensialının gücləndirilməsinə kömək etməkdir. Ümid edirik ki, bu laboratoriya elmi tədqiqatların inkişafına, tikililərin təhlükəsizliyi sahəsində təcrübələrin təkmilləşdirilməsinə və ölkənin tikinti sektorunun dəyişən tələblərinə cavab verə biləcək yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək verəcək.bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli

 

bp-nin laboratoriyanın yaradılmasına töhfəsi 400 000 AZN (235,300 ABŞ dolları) təşkil edib. Bu məbləğə laboratoriyanın fəaliyyəti üçün zəruri olan xüsusi proqram təminatının, monitorinq sistemlərinin və texniki avadanlıqların təmin edilməsi daxildir.

 

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 34 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 89 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

 

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 115 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

 

Azərbaycanda bp şirkətində təxminən 2363 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95