1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Peşə bacarığı olan işçilər üçün davamlı iş imkanları

Peşə bacarığı olan işçilər üçün davamlı iş imkanları

Tarix:
17 fevral 2023-cü il
  • Aztəminatlı ailələrdən olan bir qrup insan üçün peşə təhsili diplomlarının əldə edilməsi imkanı
  • Ölkədə bacarıqların inkişaf etdirilməsi səylərinə töhfə

 

bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “SGC”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “TotalEnergies”, “Eni”, “ONGCVidesh” – adından aztəminatlı ailələrdən seçilmiş 40 nəfər peşə bacarığı olan işçi üçün məşğulluq imkanlarını artıracaq bacarıqların inkişaf etdirilməsi layihəsinin uğurla başa çatdığını elan edib.

 

Layihənin məqsədi keçmişdə peşə təhsili almaq imkanı olmamış və nəticədə davamlı karyera qurmaq üçün rəsmi diplomu olmayan peşə bacarığı olan işçilər üçün peşə təlimləri vermək idi.

Təlim proqramı iştirakçılara peşəkar biliklərini zənginləşdirməyə və eyni zamanda praktiki bacarıqlarını yeniləməyə yönəlmiş həm nəzəri, həm də praktiki məşğələlərdən ibarət olub.


Layihə iştirakçıları təlim proqramının əhatə etdiyi bərbər, tikişçi, qənnadçı-şirniyyatçı və plastik boru qaynaqçısı kimi dörd peşə növündən birinə yiyələniblər. Təlim başa çatdıqdan sonra iştirakçıların bacarıqları Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən qiymətləndirilib və bütün müvəffəqiyyətli iştirakçılar müvafiq peşə üzrə diplom alıblar.

 

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli:

 

“Layihənin qarşısında konkret hədəf var idi, və biz əldə olunmuş nəticələrdən çox məmnunuq. Layihə üçün seçdiyimiz insanların artıq xüsusi səriştə, bilik və ya bacarıq tələb edən peşələri var idi, lakin müəyyən səbəblərdən onların peşələrini təsdiq edən sertifikatları yox idi. Peşələrin əksəriyyətinə yiyələnməyin yalnız ixtisaslaşdırılmış təlimlə mümkün olduğunu nəzərə alaraq, aztəminatlı ailələrdən olan bir qrup insan üçün belə bir imkan yaratmaq qərarına gəldik.


Çox məmnunuq ki, layihənin uğurlu iştirakçılarının indi artıq sertifikatlı peşə bacarığı olan işçilər kimi öz peşəkar karyeralarını inamla davam etdirmək imkanı var. Ümid edirik ki, hər bir icmada bu peşələrə tələbat yüksək olduğundan, bu layihə iştirakçılar üçün davamlı məşğulluq imkanları yaratmaqla nəticədə onların ailələri üçün də dayanıqlı faydalar gətirəcək.”

 

Layihənin müddəti yeddi ay təşkil edib (iyun 2022 – yanvar 2023) və ümumi dəyəri təxminən 70500 AZN ($41470) olub.

 

Layihə GƏLƏCƏYƏ KÖRPÜ GƏNCLƏR İCTİMAİ BİRLİYİ tərəfindən yerinə yetirilib.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.


bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.


Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 107 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.


Azərbaycanda bp şirkətində təxminən 2380 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95