Skip to main content
  1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Şahdəniz Kompressiya layihəsi üçün əsas tikinti müqaviləsi imzalandı

Şahdəniz Kompressiya layihəsi üçün əsas tikinti müqaviləsi imzalandı

Tarix:
04 sentyabr 2025-ci il

Şahdəniz konsorsiumu Şahdəniz Kompressiya (ŞDK) layihəsi çərçivəsində ŞDK platformasının üst modullarının tikintisi üçün 321 milyon ABŞ dolları dəyərində müqavilə imzalandığını məmnuniyyətlə elan edir. Müqavilə Azfen şirkətinə verilmişdir.

 

Üst modulların tikintisi müqaviləsi bu ilin iyun ayında ŞDK layihəsi üzrə qəbul edilmiş yekun investisiya qərarından sonra layihənin icrası üçün əsas işlərin başlandığını bildirən mühüm bir addımdır.

 

Müqavilənin iş həcminə ŞDK platforması üçün 8500 tonluq üst modullar blokunun inşası, montajı, quraşdırılması və inteqrasiyası daxildir. Tikinti işləri ölkə daxilində yerli infrastruktur və resurslardan istifadə etməklə Azfenin Bayıldakı tikinti-quraşdırma sahəsində həyata keçiriləcək.

 

Üst modulların tikintisi işlərinin 2025-ci ilin dördüncü rübündə başlanacağı və 2028-ci ilin sonuna başa çatacağı planlaşdırılır. Bu işlərə 90%-dən çoxu yerli mütəxəssislər olmaqla 3000-dən artıq işçi qüvvəsi cəlb olunacaq.

 

bp-nin layihələr üzrə baş vitse-prezidenti Yuan Drammond:

 

“Düşünürük ki, ŞDK layihəsindəki bu irəliləyiş Şahdəniz tərəfdaşları və ümumiyyətlə ölkə üçün mühüm bir hadisədir. Bu uğur layihədə çalışan komandalarımızın əzmkarlığını, yerli tərəfdaşlıqlarımızın gücünü və layihəni əməyin təhlükəsizliyi, keyfiyyət və kapital səmərəliliyi baxımından ən yüksək standartlara uyğun həyata keçirmək öhdəliyimizi bir daha vurğulayır.

 

Müqavilənin Azfenə verilməsi bu şirkətin təsdiqlənmiş təcrübəsi, o cümlədən Azərbaycanda dəniz platformaları üçün üst modulların tikintisi üzrə əvvəlki layihələrdəki uğurlu iş icrasına əsaslanır. Şirkətin Bayıldakı tam modernləşdirilmiş, dünya səviyyəli tikinti-quraşdırma sahəsi üst modulların inşadan sonra quruda inteqrasiyası və bütövlükdə barjaya yüklənməsi üçün bütün lazımi imkanları təmin edir. Bu, ŞDK layihəsinin qrafikə uyğun və büdcə daxilində icra olunması üçün əsas amildir.

 

Redaktorlar üçün qeydlər

 

  • Nəhəng Şahdəniz qaz yatağının işlənməsinin növbəti mərhələsi olan 2,9 milyard ABŞ dollarlıq ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır.
  • Layihənin Şahdəniz yatağından təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
  • Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud Şahdəniz Bravo (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq.
  • Üzərində dörd ədəd 11 meqavatlıq compressor quraşdırılacaq ŞDK platforması həm Şahdəniz Alfa (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq.
  • Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.
  • Tikinti işlərinin 2025-ci ilin sonlarında başlanacağı planlaşdırılır. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

 

Əlavə məlumat üçün: 

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95