Şahdəniz konsorsiumu Şahdəniz Kompressiya (ŞDK) layihəsinin həyata keçirilməsi üçün dənizdə görüləcək işlər üzrə üç iri müqavilənin imzalandığını məmnuniyyətlə elan edir. Ümumi dəyəri təxminən 700 milyon ABŞ dolları olan bu müqavilələr Saipem/BOS Shelf birgə müəssisəsinə verilib.
Müqavilələr üzrə görüləcək işlərin həcminə daxildir:
- Xəzər dənizində quraşdırılacaq 19000 tonluq yeni qurğu olan ŞDK platformasının bütövlükdə daşınması və dənizdə quraşdırılması;
- Təxminən 26 kilometr uzunluğunda yeni sualtı kəmərlər də daxil olmaqla ŞDK platformasını mövcud Şahdəniz infrastrukturu ilə birləşdirmək üçün nəzərdə tutulmuş sualtı qurğuların layihələndirilməsi, təchizatı, tikintisi və quraşdırılması.
Quruda aparılacaq bütün tikinti işləri BOS Shelf-in idarə etdiyi Bakı Dərin Özüllər Zavodunda həyata keçiriləcək.
Dənizdə aparılacaq tikinti və quraşdırma işləri isə Azərbaycanın iki əsas gəmisi vasitəsi ilə yerinə yetiriləcək:
- Şahdəniz konsorsiumuna məxsus müasir texnologiyalı “Xankəndi” sualtı tikinti gəmisi;
- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə (ASCO) məxsus “İsrafil Hüseynov” borudüzən barjı.Dəyəri 29 milyon ABŞ dollarından çox olan bu müqavilə günəş panellərinin təchizatı üçündür. Bu müqavilə Trina Solar (Schweiz) AG şirkətinə verilib. Müqavilə çərçivəsində işlər artıq başlayıb və ilk panellər 2025-ci ilin avqust ayında uğurla əraziyə çatdırılıb.
Yeni müqavilələrin şərtlərinə əsasən hər iki gəmi Saipem tərəfindən idarə olunacaq.
bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidenti Mətt Kirkham:
“İrihəcmli tikinti və quraşdırma işləri üçün bu yeni müqavilələri verməklə biz ŞDK layihəsində mühüm irəliləyiş edirik. Bu müqavilələr yerli işçi qüvvəsini layihəyə cəlb etməklə ölkənin tikinti-quraşdırma sahələrindən və digər infrastrukturundan tam istifadəyə yol açır. Bu, bir daha onu göstərir ki, Azərbaycanın həm quruda istehsal, həm də dənizdə quraşdırma işləri üçün beynəlxalq standartlara tam cavab verən dünya səviyyəli imkanları var. Bircə onu demək kifayətdir ki, 2026–2028-ci illərdə ŞDK layihəsi üçün ümumilikdə 3040 ton çəkisində sualtı infrastrukturun inşa ediləcəyi və quraşdırılacağı planlaşdırılır. Bu xeyli böyük bir iş həcmidir və rəqəm olaraq gördüyümüz işlərin miqyas və məramını çox aydın əks etdirir. Bu mühüm müqavilələrin bağlanmasında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.”
Planlaşdırılır ki, dənizdə aparılacaq işlər 2026-cı ilin üçüncü rübündə dənizdibi payaların quraşdırılması ilə başlayacaq və 2029-cu ildə başa çatacaq.
Redaktorlar üçün qeydlər
- Nəhəng Şahdəniz qaz yatağının işlənməsinin növbəti mərhələsi olan 2,9 milyard ABŞ dollarlıq ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır.
- Layihənin Şahdəniz yatağından təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
- Layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud Şahdəniz Bravo (ŞDB) platformasından təxminən 3 kilometr məsafədə quraşdırılacaq.
- Üzərində dörd ədəd 11 meqavatlıq compressor quraşdırılacaq ŞDK platforması həm Şahdəniz Alfa (ŞDA), həm də ŞDB platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl ŞDK-də kompressiya olunacaq.
- Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, ŞDA, ŞDB və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.
- Tikinti işlərinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.
Əlavə məlumat üçün:
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95