1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Şahdənizdə emissiyaların azaldılmasına yönəlmiş yeni layihə

Şahdənizdə emissiyaların azaldılmasına yönəlmiş yeni layihə

Tarix:
14 İyul 2022

Şahdəniz tərəfdaşları Şahdəniz Alfa (ŞDA) platformasının enerji təchizatını sualtı kabel vasitəsilə Şahdəniz Bravo (ŞDB) platformasından əldə etməsinə imkan yaradacaq yeni layihənin müəyyənləşdirilmə mərhələsinə başlayır.


Bu layihə ŞDA platformasının əməliyyat  emissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq, və platformanı dayanıqlı, uzunmüddətli və etibarlı enerji ilə təmin etməklə onun istismar səmərəliliyini artıracaq.


ŞDA platformasının elektrik enerjisi hazırda həm qaz, həm də dizel yanacaq mühərrikləri ilə işləyə bilən beş əsas elektrik generatoru vasitəsilə təchiz edilir. Yeni layihə 2024-cü ildə işə başlayandan sonra mövcud generatorlar istismardan çıxarılacaq.

 

bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu, həmçinin Rusiya, Misir və Oman üçün layihələr üzrə vitse-prezidenti Kahal Kelli dedi:

 

“Layihə ildə təxminən 20 kte CO2 səviyyəsində Əhəmiyyətli Emissiya İntensivliyi (SER) təmin edəcək ki, bu da nəticədə ŞDA platformasından ümumi karbon qazı tullantılarının həcmini azaltmaqla bizim və Şahdəniz tərəfdaşlarının dekarbonizasiya səylərinə töhfə verəcək. Bu isə nəticədə neft və qaz əməliyyatlarımızın emissiyalarını azaltmaq məqsədimizə çatmaq üçün sanballı bir töhfədir. Eyni zamanda, bu layihə 2050-ci ilə qədər və ya daha tez xalis sıfır emissiya səviyyəsinə nail olmaq üçün əməliyyatlarımızdan yaranan emissiyaları əhəmiyyətli dərəcədə azaltmaq üzrə qlobal hədəfimizə uyğundur. Bundan əlavə, layihə ŞDA platformasının istismar səmərəliliyini artırmaqla və kommersiya qaz həcmlərinin nəqlində fasilələrin yaranması riskini azaltmaqla bir çox digər məqsədlərimizə çatmağa yardım edəcək."

 

Yeni layihə çərçivəsində Şahdəniz tərəfdaşları bu yaxınlarda SOCAR-KBR birgə müəssisəsi ilə ilkin texniki layihələndirmə (FEED), dövri texniki xidmət üzrə mühəndis işləri və təchizat üzrə dəstək xidmətləri üçün müqavilə bağlayıb.


5,7 milyon dollarlıq bu müqavilənin ümumi iş həcminə ŞDA platformasındakı mövcud əsas elektrik generatorlarının istismardan çıxarılması üçün FEED xidmətləri və sualtı kabel vasitəsilə ŞDB platformasından enerji təchizatı sisteminin yaradılması daxildir. Bu layihə yerli resurslardan istifadəni maksimuma çatdırmaq üçün SOCAR-KBR birgə müəssisəsinin Bakı ofisi tərəfindən icra olunacaq.

 

Redaktorlar üçün qeydlər

 

  • Şahdəniz üzrə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi (6,67%).
  • Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və 1999-cu ildə kəşf olunan Şahdəniz yatağı bp tərəfindən bu vaxtadək aşkar edilmiş ən böyük qaz yatağıdır.
  • Bu nəhəng yataq təxminən 860 kvadrat kilometr sahəni əhatə edir və təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatına malikdir.
  • Bu vaxtadək Şahdəniz yatağından ümumilikdə 164 milyard standart kubmetrdən çox qaz və 37 milyon tondan artıq kondensat hasil edilib.
  • Hazırda yataqdan gündə təxminən 70 milyon kubmetr qaz və 105 min barel kondensat hasil olunur.
  • Şahdəniz yatağının işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlamışdır. Birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetrdən artıq qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır.
  • Şahdənizin ikinci mərhələsi 2018-ci ildən hasilata başlayıb və sabit ən yüksək hasilat zamanı ildə 16 milyard kubmetr qaz əlavə etməklə yatağın ümumi qaz hasilatını ildə 26 milyard kubmetrə çatdıracaq.
  • Şahdəniz 2 çərçivəsində hasil olunan qaz 2018-ci ilin iyun ayından Türkiyəyə ixrac olunur. Türkiyəyə ixrac hazırda sabit ən yüksək səviyyəyə çataraq ildə 6 milyard kubmetr təşkil edir.
  • Cənub Qaz Dəhlizinin 2020-ci ildə tam başa çatması ilə Şahdəniz qazı Avropaya nəql olunmağa başlanıb.
  • Cənub Qaz Dəhlizi sistemini təşkil edən boru kəmərləri bunlardır: Azərbaycan və Gürcüstan ərazisindən keçən Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) – Azərbaycan ərazisində 428km uzunluğunda yeni 48 düymlük boru kəməri, Gürcüstan ərazisində 59km uzunluğunda yeni 48 düymlük boru kəməri və 2 yeni kompressor stansiyası; TANAP – Türkiyə ərazisində 1300km uzunluğunda 56 düymlük boru kəməri və 600 km 48 düymlük boru kəməri; və TAP – Yunanıstan, Albaniya və İtaliya ərazisində 878km uzunluğunda 48 düymlük boru kəməri.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95