Dünən bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “TPAO”, “SOCAR”, “SGC”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “Eni”, “TotalEnergies”, “ONGCVidesh” – adından gələcəyin bacarıqlarını inkişaf etdirmək və innovasiyaları təşviq etmək məqsədi daşıyan bir təhsil layihəsi iştirakçılarının ən yaxşı startap ideyalarını mükafatlandırmaq üçün yekun tədbiri keçirib.
“Biz bu mühüm layihəni yekun nəticəyə çatdırmaqdan məmnunuq və fəxr edirik ki, “Gələcək üçün bacarıqlar” layihəsinin yekun tədbiri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Layihədə gənc nəslin bu böyük şəxsiyyətin arzu və ideyalarını gələcəyin reallığına çevirməsinə kömək edəcək bacarıq və səriştələrin inkişafına xüsusi diqqət verilib.
Bu tədbir iştirakçılara öz yenilikçi ideya və layihələrini təqdim etmək üçün gözəl imkan yaratdı. Tələbələrin işgüzarlığını, vahid komanda şəklində işləmək qabiliyyətini və yeni bacarıqlarını – yəni onların öz gələcəyini və ölkənin gələcəyini qurmaları üçün gərəkən xüsusiyyətləri görmək çox ruhlandırıcı idi. Daha geniş mənada isə layihə infrastrukturun və startaplara dəstək mexanizmlərinin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində ölkənin qarşıya qoyduğu məqsədlərə uyğundur.”
Ötən ilin iyun ayından başlamış bu layihə Bakı, Gəncə və Mingəçevirdə yerləşən 13 universitetdə innovasiya və sahibkarlıq mühitinin təşviqinə yönəlmişdi.
Layihəyə iki əsas proqram – mentorluq və inkubasiya proqramları daxil idi. Mentorluq komponenti universitetlərdən seçilmiş 130 müəllim üçün altı aylıq təlim proqramı nəzərdə tuturdu və burada məqsəd tələbələrə startap və sahibkarlıq bacarıqlarını inkişaf etdirməyə yardım etmək üçün effektiv mentorlar hazırlamaq idi.
Bunun ardınca isə 2256 müraciətdən seçilmiş 728 tələbəni əhatə edən geniş inkubasiya proqramı həyata keçirildi. Bu proqram iştirakçılara öyrəndikləri sahibkarlıq, kreativlik və digər mühüm bacarıqlar əsasında öz ilkin startap ideyalarını inkişaf etdirərək təqdim edilə biləcək yekun layihələrə çevirmək imkanı yaratdı.
Dünən keçirilən “Pitch Day” (təqdimat günü) adlı yekun tədbirində 181 komanda arasından seçilmiş 19 uğurlu finalçının layihə təqdimatları dinlənildi. Tədbirdə münsiflərin qərarı ilə üç ən yaxşı startap komandasına və onların mentorlarına mükafatlar verildi.
Layihə yerli təhsil təşkilatı olan “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən yerinə yetirilib.
Müddəti bir il (iyun 2022 – iyun 2023) olan bu layihənin ümumi dəyəri təxminən 82000 AZN (48235 ABŞ dolları) təşkil edib.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 31 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 108 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2307 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95