Skip to Main Content
  1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Universitetlərdə bilik mənbələrinin rəqəmsallaşdırılmasına dəstək

Universitetlərdə bilik mənbələrinin rəqəmsallaşdırılmasına dəstək

Tarix:
12 iyun 2025-ci il

bp bu gün mühəndislik sahəsində ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan Azərbaycan Texniki Universitetində (AzTU) müasir rəqəmsal kitabxananın yaradılmasını nəzərdə tutan yeni sosial sərmayə layihəsinin uğurla başa çatdığını elan edib.

 

Bu təşəbbüs bp-nin Azərbaycanda təhsilin inkişafına və potensialın artırılmasına dəstək öhdəliyinin bir hissəsidir. Bu innovativ layihənin məqsədi tələbələrin və professor-müəllim heyətinin tədris, öyrənmə və digər akademik materiallara, mənbələrə və resurslara çıxışını, bu resursların idarə olunması və paylaşma üsullarını modernləşdirməklə onlardan istifadəni sürətli və asan etməkdir.

 

Hazırda universitetin mövcud kitabxanasında 500000-dən çox kitab saxlanılır, eləcə də 20 tədris və multimedia otağı və ixtisaslaşdırılmış laboratoriyalar fəaliyyət göstərir. Yeni rəqəmsal kitabxana bu resursları elektronlaşdırmaqla sürətli və fasiləsiz bilik və məzmun mübadiləsi və birgə işləmək imkanları yaradaraq aşağıdakı funksiyaları təmin edir:

  • geniş rəqəmsal bilik bazasına məsafədən və birbaşa çıxış imkanı.
  • akademik və tədqiqat materialları üçün təkmilləşdirilmiş axtarış imkanları.
  • kontenti paylaşmaq və tədqiqat məlumatlarını saxlamaq üçün birgə istifadə vasitələri.

 

Bu gün universitetdə kitabxananın açılış mərasimində çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz dedi:

 

“Bu layihə Azərbaycanda təhsilin gələcəyinə və yeni nəsil mühəndis və yenilikçi mütəxəssislər yetişdirilməsinə dəstək öhdəliyimizi əks etdirir. Qürur duyuruq ki, AzTU-nu daha sıx birləşmiş və innovativ təhsil mühiti qurmaq niyyətilə üz tutduğu rəqəmsal transformasiya yolunda dəstəkləyə bilmişik. Belə bir mühitin yaradılmasına doğru atılmış bu addım universitetə öz akademik infrastrukturunu modernləşdirməyə şərait yaradaraq biliklərin və tədqiqat imkanlarının daha əlçatan olmasını təmin edir. Biz xüsusilə məmnunuq ki, 10000-dən çox tələbəyə və 600 nəfər professor-müəllim heyətinə müasir rəqəmsal vasitələrdən və distant təhsil imkanlarından faydalanmağa kömək edirik”.

 

Layihə çərçivəsində universitet əməkdaşları üçün təlim aspekti də nəzərdə tutulub. Onlara kitabxana resurslarını daha səmərəli idarə etmək üçün yeni rəqəmsal metodlar öyrədilib.

 

İcra müddəti 18 ay olan bu layihəni öz sosial sərmayə fəaliyyətlərinin bir hissəsi olaraq bp şirkəti maliyyələşdirib.

 

Layihənin ümumi dəyəri 408000 AZN-dir (240000 ABŞ dolları).

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.


bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.


Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.


Azərbaycanda bp şirkətində təxminən 2398 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.


bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95