1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Universitetlərin tədris potensialının artırılmasına dəstək

Universitetlərin tədris potensialının artırılmasına dəstək

Tarix:
16 may 2025-ci il

bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından Bakı Dövlət Universitetinin tədris infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsinə yönəlmiş daha bir sosial layihənin uğurla tamamlandığını bildirir. 

 

Layihənin nəticəsi olaraq bu gün universitetdə müasir və interaktiv bir tədris məkanı olan geologiya muzeyinin açılışı olub. Bu innovativ tədris və təlim mərkəzi Azərbaycanın zəngin geoloji irsi, təbii ehtiyatları və bu sahədəki elmi nailiyyətlərinə dair məlumatları əhatəli şəkildə təqdim etmək məqsədilə yaradılıb. 

 

Muzey geologiya və geofizika fakültələrinin müəllim heyəti və tələbələri üçün geoloji elmlər və əlaqəli sahələri öyrənmək və araşdırmaq üçün müasir vasitələrdən istifadə etmək imkanı yaradır.

 

Muzey aşağıdakı mövzulara həsr olunmuş 8 tematik guşədən ibarətdir:

  • Azərbaycanın geologiya tarixi
  • Azərbaycanın bölgələrinin geoloji xüsusiyyətləri
  • Azərbaycanın mineral ehtiyatları
  • Azərbaycanın fosilləri və paleontologiyası
  • Qeyri-adi geoloji quruluşlar və qorunan təbiət abidələri
  • Heydər Əliyev və geoloji inkişaf
  • Azərbaycanın geoloji ehtiyatlarının iqtisadi və sosial əhəmiyyəti
  • Geoloji tədqiqatlar və innovasiyalar

Hər bir guşə interaktiv ekranlar və xəritələr, elmi eksponatlar, multimedia materialları, sensorlu oyunlar, müasir texnoloji lövhələr, simulyatorlar və virtual reallıq elementləri ilə təchiz olunub və ziyarətçilər üçün həm maarifləndirici, həm də əyləncəli təcrübə təqdim edir. Bundan əlavə, muzeyin tərkibində açıq məkan şəklində nəzərdə tutulmuş tədris zonası da mövcuddur.

 

Təxminən 600 bakalavr tələbəsi (əsasən geologiya, geofizika və əlaqəli ixtisaslar üzrə təhsil alanlar) və eləcə də müəllim heyəti tədris, təlim və elmi-tədqiqat fəaliyyətləri üçün muzeydəki məzmundan faydalanacaqlar.

 

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz dedi: 

 

“Bu layihə ölkədə təhsilə və digər mühüm sosial inkişaf sahələrinə davamlı dəstəyimizin gözəl nümunəsidir. Tərəfdaşlarımızla birlikdə çox məmnunuq ki, artıq bir əsrdən çox tarixi olan və aparıcı, nüfuzlu təhsil müəssisəsi kimi geniş miqyasda tanınan Bakı Dövlət Universiteti bu cür unikal bir mərkəzə sahib olacaq. Bu mərkəz geoloji və geofiziki biliklərin zəngin məlumat bazasını innovativ şəkildə təqdim etməyə imkan verəcək. İnanırıq ki, muzeyin dizaynı, texniki təchizatı və təqdim olunan əhatəli informasiya hər bir ziyarətçiyə yer üzünün zəngin və rəngarəng sərvətlərini kəşf etmək üçün unikal bir təcrübə yaşadacaq. Ümid edirik ki, həm tələbələr, həm də digər ziyarətçilər ölkənin təbii ehtiyatlarının əsrarəngiz müxtəlifliyini və onun diqqətəlayiq geoloji irsini dərindən anlayacaq və dəyərləndirəcəklər.”

 

Bu gün Bakı Kitab Mərkəzində keçirilən təqdimat mərasimində tanınmış tarixçilər, alimlər, tədqiqatçılar və mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə çıxış edənlər bu tədqiqat işinin əhəmiyyətini qeyd edərək, müəllifin metodologiyası və yanaşmasının ölkənin və bütövlükdə regionun qədim dövrlərdən başlayaraq keçdiyi tarixi və coğrafi təkamül yollarının araşdırılmasında mühüm rol oynadığını vurğulayıblar.


Muzey üçün alınmış bütün avadanlıq, texniki və proqram təminatı da daxil olmaqla layihənin ümumi dəyəri 395 810 AZN-dir (təxminən 232 830 ABŞ dolları).


Layihə yerli şirkət olan ADZONE-S MMC tərəfindən icra edilib.


Redaktorlar üçün qeydlər


bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.


 bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.


Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.


Azərbaycanda bp şirkətində təxminən 2398 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95