Tikintisi qrafiki qabaqlayaraq başa çatdırılmış Yaşayış Blokları və Texnoloji Təchizat (YBTT) platformasının üst modulları Bibiheybətdəki ATA (AMEK-Tekfen-Azfen) tikinti-quraşdırma sahəsindən dənizdə quraşdırılmaq üçün yola düşəcək.
Üst tikililərin quraşdırılması tamamlandıqdan sonra STB-1 barjına yüklənərək dənizə yola salınmağa hazırlıq məqsədilə 8 may 2017-cı il tarixində tikinti-quraşdırma sahəsinin yanalma körpüsündəki yükləmə çərçivəsinə qaldırılmışdır.
YBTT platformasının üst tikililərinin vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri diqqətlə planlaşdırılmışdır və bu işlərin 5 gün ərzində tamamlanacağı gözlənilir. Üst tikililər suyun 94 metr dərinliyində artıq öz yerində olan dayaq blokunun üzərinə quraşdırılacaq.
Üst tikililərinin çəkisi təxminən 12400 ton təşkil edir və bu obyektin uzunluğu 100 metr, eni isə 60 metrdir. Bu konstruksiya 100 nəfərlik yaşayış blokundan, ümumi gücü 60MVt olan dörd əsas elektrik generatorundan, 10 birbaşa elektriklə isitmə modullarından və bir sıra sualtı hasilat avadanlığından ibarətdir.
AMEK-Tekfen-Azfen konsorsiumu tərəfindən inşa edilmiş YBTT platformasının üst tikililəri Azfen tikinti-quraşdırma sahəsində yerli infrastrukturdan və obyektlərdən istifadə etməklə bütövlüklə ölkə daxilində tikilib. Bu konstruksiyanın tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla 5000 nəfərdən çox insan cəlb edilmişdi və bu işçi qüvvəsinin təxminən 90%-i Azərbaycan vətəndaşları olub.
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Birinci platformanın üst tikililərinin dənizə yola salınması nəhəng Şahdəniz 2 layihəsinin uğurla, yəni təhlükəsiz, budcədən xeyli az xərcləməklə və qrafikə uyğun başa çatdırılması istiqamətində mühüm bir hadisədir və biz buna nail olduğumuzdan çox məmnunuq. Bununla yanaşı layihənin qalan hissələrinin də tamamlanması istiqamətində işlər sürətlə irəliləməkdədir. Mən bu mürəkkəb layihənin irəliləyişinə dəstəklərinə və əməkdaşlığa görə Azərbaycan hökümətinə, SOCAR-a və digər tərəfdaşlarımıza dərin minnətdarlığımı bildirirəm. Eləcə də, bu mərhələyə əməyin təhlükəsizliyi üzrə yüksək göstəricilərlə çatmaq üçün öz zəhmətini əsirgəməmiş BP-nin, podratçıların və subpodratçıların bütün əməkdaşlarına “çox sağ olun” demək istəyirəm. 3 illik tikinti müddəti ərzində BP-nin texniki təhlükəsizlik standartlarına tam əməl etdiklərinə görə AMEK-Tekfen-Azfen konsorsiumuna xüsusilə təşəkkür etmək istəyirəm.
Xəzərdə ən böyük və ən müasir konstruksiyalardan biri olan bu üst tikililərin çox yüksək texniki təhlükəsizlik göstəriciləri ilə tamamlanmasından qürur duyuram. Bu, böyük nailiyyətdir və mən əminəm ki, həm dənizdəki quraşdırma işləri, həm də ikinci platformanın üst tikililəri əməyin təhlükəsizliyinə və keyfiyyətə eyni dərəcədə ciddi əməl edilməklə başa çatdırılacaq.”
Maraqlananlar üçün fotoşəkillər var
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz
Telefon: (+994 12) 599 45 5