Şahdəniz konsorsiumu məmnuniyyətlə elan edir ki, Şahdəniz yatağının işlənilməsinin 2-ci mərhələsi üzrə “BOS Shelf LLC”, “Saipem Contracting Netherlands B.V.” və “Star Gulf FZCO” konsorsiumu ilə dənizdə daşıma və quraşdırma işlərinə dair iri müqavilə imzalanıb.
Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələrinin bir hissəsi olan 1,8 milyard dollarlıq bu müqavilənin imzalanması ötən ilin dekabr ayında yekun investisiya qərarının verilməsindən bu vaxtadək layihələr üzrə bütün sahələrdə böyük irəliləyişin göstəricisidir.
Bu müqavilənin iş həcminə hər iki dəniz platformasının dayaq bloklarının və üst modullarının, sualtı hasilat sistemlərinin və sualtı konstruksiyaların dənizə daşınması və quraşdırılması işləri daxildir. Müqavilə həmçinin 360 kilometrdən artıq sualtı boru kəmərinin inşasını, dalğıc dəstək xidmətlərini və üç quraşdırma gəmisinin - “İsrafil Hüseynov” borudüzmə və “Tofiq İsmayılov” dalğıc gəmilərinin, həmçinin “Azərbaycan” kran barjının modernləşdirilməsini də əhatə edir. Bu işlərin 2017-ci ilin sonunadək başa çatdırılacağı gözlənilir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti cənab Qordon Birrell deyir: “Bu, böyük bir müqavilədir və bu tarixi layihə üçün əlamətdar bir hadisədir. Bu müqavilə yekun investisiya qərarından bu vaxtadək bağlanmış 13-cü iri müqavilədir. Ümumilikdə bu vaxtadək bağlanmış dəyəri təxminən 7 milyard dollar həcmində olan təchizat və xidmət işlərinin əsas hissəsi Azərbaycanın daxilində həyata keçiriləcək.
Biz məmnunuq ki, Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi kimi nəhəng qaz işlənməsi və ixracı layihələrinin bütün sahələrində yaxşı irəliləyiş var. Hər iki layihə planlaşdırılmış qrafik üzrə davam edir və artıq Bakı yaxınlığındakı bütün istehsalat və tikinti sahələrində işlər başlanıb. Bütün bu böyük səylər və fəaliyyətlər bizim 2018-ci ilin sonlarında ilk qaz ixracına başlamaq planlarımızı əsaslandırır.”
Bundan əvvəl Şahdəniz konsorsiumu 23 aprel tarixində Bakı Gəmiqayırma Zavodu ilə bir sualtı tikinti gəmisinin (STG) layihələndirilməsinə və inşasına dair 378 milyon dollar dəyərində müqavilə imzalamışdı. STG Xəzər dənizində yeni modernl bir gəmi olacaq və 2017–27-ci illər arasında 11 il ərzində Şahdəniz Mərhələ 2 layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək.
Gəminin 2,5 metr hündürlüyündəki böyük dalğalarda (Hs) fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 750 metrik tonluq əsas kran, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan aparat, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası, 6 ədəd 4,4MVt və 2 ədəd 3,2MVt gücündə mühərriklə təchiz olunmuş iki mühərrik bölməsi olacaq və onun 6,5 metr suya oturumunda dedveyt çəkisi 5000 metrik ton təşkil edəcək. Sualtı tikinti gəmisi “Keppel Offshore & Marine” (Keppel O&M) şirkətinin gəmi layihələndirmə və inşa etmə bölməsi olan “Marine Technology Development” tərəfindən layihələndiriləcək.
Bu gəmi 2017-ci ilin aprel ayında təhvil veriləcək.
Bakı Gəmiqayırma Zavodu ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti və “Keppel O&M” şirkətindən ibarət birgə müəssisədir.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57