BP Şahdəniz tərəfdaşları adından bu gün bildirmişdir ki, Şahdəniz Hasilatın Pay Bölgüsü sazişi çərçivəsində dördüncü öncə qazma işlənmə quyusunu uğurla bitirmiş və dördüncü qiymətləndirmə quyusunu (SDX-04) qazmağa başlamışdır. Bu quyuların qazılmasında “İstiqlal” yarımdalma qazma qurğusundan istifadə olunur.
Dördüncü öncə qazma quyusu (SDA-04) Şahdəniz Mərhələ 1 dayaq tavasından qazılmaqla özünün 6189 metr ümumi dərinliyinə çatdırılmışdır. Sonra quyuda karotaj aparılmışdır və qoruyucu istismar kəməri hissəsi buraxıldıqdan sonra isə quyu müvəqqəti olaraq bağlanmışdır ki, TPG500 platforması bu il bir qədər sonra dənizdə quraşdırıldıqdan sonra quyuda lazımi tamamlanma işləri aparılaraq qaz hasilat quyusu kimi istismara verilsin. Bu quyu tamamlandıqdan sonra, 2006-cı il yanvarın 10-da “İstiqlal” Şahdəniz yatağının cənub-qərbinə, SDX-04 (dördüncü qiymətləndirmə) quyusunun yerləşdiyi əraziyə gətirilmişdir.
SDX-04 qiymətləndirmə quyusunun ümumi dərinliyi 7000 metrdən artıq olacaq. Əvvəlki üç axtarış-kəşfiyyat və qiymətləndirmə quyusu (SDX-01, SDX-02, SDX-03) yatağın şimal cinahının qiymətləndirilməsi və Mərhələ 1 ehtiyatlarının müəyyənləşdirilməsi məqsədi daşıyırdı. SDX-04 quyusu isə yatağın cənub cinahındakı ehtiyatları qiymətləndirəcək və müəyyənləşdirəcək, eləcə də daha dərin laylarda qazın mövcudluğunu yoxlayacaq.
SDX-04 quyusunun qazılması təxminən altı ay çəkəcək və yatağın cənub səmtində qaz ehtiyatlarının kommersiyalılığını təsdiq etmək məqsədilə istismar sınağının aparılması quyunun müddətini bir neçə ay da artıra bilər.
Şahdəniz Hasilatın Pay Bölgüsü Sazişinin tərəfləri: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKAcip(10%), NİKO (10%), Total (10%) və TPAO (9%) şirkətləridir.
2006-cı ildə Şahdəniz Mərhələ 1 layihəsi üzrə görüləcək qalan əsas işlər:
Mərhələ 1 layihəsi qrafikə uyğun irəliləyir. Həmin qrafikə görə ilk qaz 2006-cı ilin qışınadək bazara çatdırılmalıdır.
Redaktorlar üçün qeydlər:
Şahdəniz tərəfdaşları SDX-01 axtarış-kəşfiyyat quyusu nəticəsində 1999-cu ilin iyulunda Xəzərin Azərbaycan sektorunda iri qaz-kondensat yatağının kəşf olunduğunu elan etdilər. 2000-ci ilin aprelində tərəfdaşlar ilk kəşfdən altı kilometr cənubda qazılmış SDX-02 qiymətləndirmə quyusunun uğurlu nəticələrini elan etdilər. Bu qiymətləndirmə zamanı iki layda geniş sınaq işləri aparıldı - Fasilə lay dəstində və Balaxanı VIII layında. Sınaqların nəticələri dünya səviyyəli qaz-kondensat ehtiyatlarının mövcudluğunu təsdiqlədi.
Növbəti qiymətləndirmə işləri daha dərin pre-Fasilə (Fasilə lay dəstinin aşağı qatı) laylarında Mərhələ 1 öncə qazma proqramı zamanı aparılmışdır. Bu işlər SDA-01 birinci öncə qazma quyusu nəticəsində əvvəllər qiymətləndirilmiş laylardan daha dərində əlavə qaz ehtiyatları kəşf olunduqdan sonra aparıldı. Bu layın sonrakı qiymətləndirilməsi növbəti öncə qazma quyuları vasitəsilə həyata keçirildi və bu da Şhadəniz tərəfdaşlarına ehtiyatların artırılması imkanını verdi. Artırılmış əlavə ehtiyat həcmlərini və kollektorun daha aşağı hissələrinin mümkün hasilat gücünü dəqiq müəyyənləşdirmək üçün Şahdəniz işlənmə layihəsinin operatoru olaraq BP bu məlumatların təhlilini davam etdirəcək.
Şahdəniz yatağı dənizdə suyun dərinliyi 50 metrdən 600 metrədək olan ərazidə, Bakıdan təxminən 70 kilometr cənub-şərqdə yerləşir. Şahdəniz Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1996-cı il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya olunmuşdur
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57