Yeni 378 milyon ABŞ dolları dəyərində olan gəminin bu gün Bakıda keçirilmiş rəsmi açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev iştirak etmişdir.
Şahdəniz yatağına göndərilməyə hazır olan Xankəndi gəmisi növbəti on bir il ərzində orada sualtı quraşdırma və tikinti işləri həyata keçirəcək.
Şahdəniz konsorsiumunun əməliyyatçısı olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Nəhəng Şahdəniz Mərhələ 2 layihəsi çərçivəsində Xəzər dənizində ən müasir sualtı hasilat texnologiyasını quraşdırmağa qadir olan bu mürəkkəb və əsl çoxfunksiyalı gəmini istismara verməyimizdən qürur duyuruq. Bu, Şahdəniz layihəsində yerli podratçı şirkətlə əməkdaşlıqda əldə edilmiş daha bir əlamətdar nailiyyətdir və biz Xankəndi gəmisinin layihəyə əhəmiyyətli dəstək verəcəyini gözləyirik. Bu unikal gəminin inşasının təhlükəsiz və səmərəli şəkildə başa çatdırılmasında böyük əməyi olan Bakı Gəmiqayırma Zavoduna və bu işlərə öz töhfəsini vermiş bütün digər tərəflərə öz təşəkkürümü bildirirəm”.
Gəminin uzunluğu 155 metr, eni 32 metr və əsas göyərtə sahəsi isə 2000 kv.metr təşkil edir. Gəminin ümumi çəkisi 17600 tondur və suya oturumu 6,5 metr olmaqla daşıma gücü 5000 metrik ton təşkil edir. Gəmidə 6 ədəd 4,4MVt və 2 ədəd 3,2MVt gücündə generatoru olan iki mühərrik bölməsi var.
O, 3,5 metr hündürlüyündə dalğalarda (Hs) fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək dərinlikdə sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kran, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan sualtı aparat və möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası ilə təchiz edilib. Xankəndi gəmisi lövbərlərə heç bir ehtiyac olmadan ən mürəkkəb işləri həyata keçirə bilər.
Gəmi heyəti və mütəxəssislər də daxil olmaqla Xankəndi gəmisinin göyərtəsi maksimum 175 nəfər üçün nəzərdə tutulub. Gəminin işçiləri mühəndis və layihə idarəetmə sahələrində ixtisaslaşmış həm yerli, həm də əcnəbi mütəxəssislərdən ibarətdir. İşçi heyətinin gələcəkdə tam yerlilərdən ibarət olması üçün onlara geniş təlimlər keçirilməsi nəzərdə tutulub.
Xankəndi gəmisi SOCAR, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Keppel O&M şirkətinin yaratdığı birgə müəssisə olan Bakı Gəmiqayırma Zavodunda layihələndirilib və inşa edilib.
Maraqlananlar üçün fotoşəkillər də var.
BP-nin Bakı ofisində Tamam Bayatlıya,
tel.: (+994 12) 599 45 57
BP-nin London ofisində mətbuat xidmətinə
tel.: +44 (0)20 7496 4076 müraciət edə bilərsiniz.