1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Şahdəniz sualtı boru kəmərlərinin çəkilişi uğurla tamamlanmışdır

Şahdəniz sualtı boru kəmərlərinin çəkilişi uğurla tamamlanmışdır

Tarix:
7 Aprel 2006

 

BP Şahdəniz qaz və kondensat yatağının işlənməsi layihəsinin operatoru olaraq Mərhələ 1 sualtı boru kəmərlərinin çəkilməsi işlərini uğurla tamamlamışdır. Bu iş keçən ilin sentyabrında başlanmışdı.


Şahdəniz sualtı boru kəmərlərinin çəkilməsi proqramı hər birinin uzunluğu 90 kilometr olan üç boru kəmərinin – 26 düymlük qaz kəmərinin, 12 düymlük kondensat kəmərinin və 4 düymlük monoetilen qlikol kəmərinin çəkilməsindən ibarətdir.

 

Bu boru çəkilişi proqramı bundan əvvəl Azəri-Çıraq-Günəşli (AÇG) sualtı boru kəmərlərinin çəkilişi əməliyyatları üçün uyğunlaşdırılmış və modernləşdirilmiş “İsrafil Hüseynov” borudüzmə barjından istifadə etmişdir.

 

Boru kəmərinin çəkilişi üzrə podratçı MakDermott Kaspian Kontraktorz, İnk. şirkəti Şahdəniz sualtı boru kəmərlərinin çəkilişi əməliyyatlarına təxminən 700 000 adam-iş saatı sərf etmişdir. Ümumilikdə layihə 400 nəfərədək yerli Azərbaycan vətəndaşını işlə təmin etmişdir.

 

Boru çəkilişi zamanı istifadə olunan borular burada, Azərbaycanda örtüklənmişdir. Bundan əlavə, təchizat bazaları, borudüzmə barjı və bir neçə köməkçi təchizat gəmisi daxil olmaqla çoxlu sayda yerli infrastrukturdan istifadə olunmuşdur.

 

2006-cı ildə Şahdəniz Mərhələ 1 layihəsi qalan əsas işlər bunlardır:

  • TPG500 platformasının dənizə yola salınması və dənizdə quraşdırılması – 2-ci rüb
  • Terminalda Şahdəniz hissəsinin mexaniki tamamlanmasına nail olunması – 2-ci rüb
  • Səngəçal terminalından Cənubi Qafqaz Boru Kəmərinin istismar sınaqlarına başlanması – 2-ci rüb
  • BOTAŞ, Gürcüstan və “Azəriqaz” qaz təhvili obyektlərinin birləşdirilmə işlərinin tamamlanması – 3-cü rüb
  • Cənubi Qafqaz Boru Kəmərinin ilk qazı qəbul etməyə hazır olması – 3-cü rüb
  • TPG500 pplatformasının dənizdəki istismar sınaqlarının tamamlanması – 3-cü rüb
  • Cənubi Qafqaz Boru Kəmərinin ilk nefti qəbul etməyə hazır olması - 3-cü rüb
  • SDX-04 qiymətləndirmə quyusunun tamamlanması – 4-cü rüb

 

Mərhələ 1 layihəsi qrafikə uyğun irəliləyir. Həmin qrafikə görə ilk qaz 2006-cı ilin qışınadək bazara çatdırılmalıdır.


Şahdəniz Hasilatın Pay Bölgüsü Sazişinin tərəfləri: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKoil (10%), NİKO (10%), Total (10%) və TPAO (9%) şirkətləridir.

 

Redaktorlar üçün qeydlər:

 

2003-cü ilin fevral ayında sanksiya verilmiş Şahdəniz Mərhələ 1 layihəsi həm işlənmə və hasilat, həm də nəqletmə sahəsini əhatə edir. Layihənin işlənmə və hasilat hissəsi bu ilin ikinci rübündə suyun 105 metr dərinliyində quraşdırılacaq 15 quyu gövdəsinə malik TPG500 tipli yaşayış bloklu qazma və hasilat platformasından; TPG500 platformasından Səngəçal terminalınadək hər birinin uzunluğu 90 km olan üç sualtı boru kəmərindən - 26 düymlük qaz boru kəməri və 12 düymlük kondensat boru kəməri, eləcə də 4 düymlük monoetilen qlikol boru kəmərlərindən; və qurudakı terminalda tikilən qaz və kondensatın texnoloji emalı obyektlərindən ibarətdir.

 

Layihənin nəqletmə hissəsi yeni bir qaz ixracı sistemindən – Gürcüstandan keçməklə Azərbaycandan Türkiyə sərhədinədək olan Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) ibarətdir. CQBK – 690 km uzunluğunda (Azərbaycan hissəsi 442 km, Gürcüstan hissəsi isə 248 km) bir boru kəməridir. Bu kəmər ətraf mühitə və sosial sahəyə təsirin minimuma endirilməsi məqsədilə Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri ilə eyni dəhlizdə tikilib. Boru kəmərinin diametri 42 düymdür. CQBK-nin tikintisi demək olar ki, başa çatıb və qalan işlər ilk qazın 2006-cı ilin 4-cü rübündə Türkiyəyə çatdırıla bilməsi qrafikinə uyğun irəliləyir.

 


Əlavə məlumat üçün BP-nin

Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57