1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Şahdəniz TAP boru kəməri vasitəsilə İtaliya və cənubşərqi Avropa qaz bazarlarına istiqamət götürür

Şahdəniz TAP boru kəməri vasitəsilə İtaliya və cənubşərqi Avropa qaz bazarlarına istiqamət götürür

Tarix:
28 iyun 2013

Şahdəniz konsorsiumu bu gün elan etdi ki, Şahdəniz Mərhələ 2 layihəsindən hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və cənubşərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans Adriatik Boru Kəmərini (TAP) seçmişdir.

 

Bu, Cənub Dəhlizinin açılmasına Şahdəniz konsorsiumunun çox-fazalı yanaşmasında mühüm bir addımdır. İlkin dövrdə Cənub Dəhlizi ildə 10 milyard kub metrədək Şahdəniz təbii qazını Avropa bazarlarına daşıyacaq.

 

Bu günki qərar həmçinin konsorsiumun Şahdəniz Mərhələ 2 layihəsi üzrə yekun investisiya qərarı planlarında mühüm bir addımdır. Bu layihə onunla bağlı olan boru kəmərləri ilə birlikdə hesablamalara görə 40 milyard dollara başa gələcək və ildə 16 milyard kub metr Azərbaycan qazını bazara daşıyacaq.

 

 

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev dedi: “Biz şadıq ki, Azərbaycan qazı Avropaya nəql edilməklə Cənub Qaz Dəhlizinin reallaşmasına imkan yaradacaq. Bu, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans Anadolu Boru Kəməri və Trans Adriatik Boru Kəməri layihələrinin işlənilməsi ilə gerçəkləşəcək.

 

 

Biz həmçinin məmnunuq ki, Şahdəniz Konsorsiumu qazı Cənubi-şərqi Avropa boyunca çox sayda ölkələrə çatdırmaq üçün Avropanın birləşdirici boru kəməri layihələri ilə işləməyi planlaşdırır. Ümidvarıq ki, tərəfdaşlar bu il Şahdəniz Mərhələ 2 layihəsinə dair yekun investisiya qərarı verəcəklər.

 

 

Şahdənizdən əlavə, biz əminik ki, Azəri-Çıraq-Günəşlinin dərin hissəsindəki qaz ehtiyatları, Abşeron, Ümid və Şəfəq-Asiman kimi yataqlar işlənildikcə Azərbaycanın qaz ixracı çox artacaq və biz bu qaz üçün təbii bazar kimi Avstriya istiqamətində boru kəməri marşrutunu görürük. Hər iki boru kəməri marşrutunun işlənilməsinin planlaşdırılması gələcək artım üçün əsas yaradır və biz bütün bu prosesdə Avropa Komissiyasının bizə dəstəyini yüksək qiymətləndiririk.”

 

 

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: “Şahdəniz mərhələ iki layihəsi çərçivəsində hasil olacaq qazın nəqli üçün İtaliya və Cənubi-şərqi Avropa bazarlarının seçilməsi layihəmizin inkişafı istiqamətində mühüm bir addımdır.


Biz çox şadıq ki, boru kəmərinin seçilməsinin hərtərəfli və rəqabətəsaslı prosesi artıq yekunlaşıb və indi Cənub Qaz Dəhlizini irəli apara bilərik. Bu, qazı ilk dəfə olaraq Xəzər dənizindən birbaşa Avropaya nəql edəcək.

 

 

Biz fürsətdən istifadə edərək, yüksək keyfiyyətli təkliflərə görə və Şahdəniz konsorsiumuna göstərdikləri əla əməkdaşlığa görə həm Nabukko Uest, həm TAP heyətlərinə təşəkkür etmək istərdik.”

 

 

TAP intensiv qiymətləndirmə prosesi nəticəsində seçilib və bu seçim Cənub Dəhlizinin birinci fazasını tamamlayır. Bu qiymətləndirmə zamanı Şahdəniz konsorsiumu əvvəldən elan edilmiş seçim meyarlarından istifadə etməklə həmin alternativ ixrac marşrutlarını qiymətləndirib. Bu meyarlara isə kommersiya səmərəliliyi, layihənin icra mümkünlüyü, maliyyə baxımından icra mümkünlüyü, texniki layihələndirmə, tənzimləmə və şəffaflıq, təhlükəsiz və səmərəli istismar mümkünlüyü, genişləndirilmə imkanı və ictimai maraqlar ilə bağlı nəzərə alınmalı amillər daxil idi.


Şahdəniz konsorsiumu öz qaz satışları üçün İtaliyada və Yunanıstanda bir sıra şirkətlər ilə şərtləri razılaşdırıb. Bundanəlavə, Bolqarıstanda qaz satışlarını reallaşdırmaq üçün danışıqlar aparılır və Şahdəniz konsorsiumu həmin ölkəyə istiqamətlənən boru kəmərinin nəqletmə həcmindən istifadə payı əldə etməkdə maraqlı olduğunu bildirməyi planlaşdırır.

 

 

Bundan əlavə, Şahdəniz konsorsiumu TAP və İon-Adriatik Boru Kəmərinin (İAP) reallaşmasına dəstək olaraq 23 may 2013-cü il tarixində Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina və Albaniya tərəfindən imzalanmış və 27 may 2013-cü il tarixində Adriatik və İon Şurası tərəfindən tanınmış hökumətlərarası anlaşma memorandumunu dəstəkləyir.

 

 

Şahdəniz konsorsiumunun üzvləri üçün növbəti addım Şahdəniz Mərhələ 2 layihəsinin tam işlənməsinə dair yekun investisiya qərarının verilməsindən ibarətdir.


Redaktorlar üçün məlumat:

 

Şahdəniz Mərhələ 2 layihəsi “Cənub qaz dəhlizi”ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. Şahdəniz Mərhələ 2 layihəsinin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz hasilatı əlavə edəcəyi gözlənilir.


Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının Mərhələ 2 işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı böru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ildə 16 milyard kub metr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. Şahdəniz qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək.

 

 

Şahdəniz tərəfdaşları: BP, operator (25.5%), Statoyl (25,5%), ARDNŞ (10%), Total (10%), Lukoyl (10%), NİCO (10%) və TPAO (9%).


Əlavə məlumat üçün:

 

ARDNŞ-nin mətbuat xidmətində Nizaməddin Quliyevə - Tel.: (+994 12) 521 01 29;
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya - Tel.: (+994 12) 437 75 73, müraciət edə bilərsiniz.