1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Əlilliyi və xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək

Əlilliyi və xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək

Tarix:
26 sentyabr 2019

 

  • Əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan insanların inkişafına sərmayə;
  • Əlilliyi olan yüzlərlə şəxsin cəmiyyətə inteqrasiyasına töhfə

 

BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – “AzACG-SOCAR”, “AzSD-SOCAR”, “AzSCP-SOCR”, “TPAO”, “PETRONAS”, “AzBTC-SOCAR”, “Chevron”, “Lukoil”, “NİCO”, “Equinor”, “Inpex”, “ExxonMobil”, “SGC Upstream”, “SGC Midstream”, “Itochu”, “ONGC”, “TOTAL”, “ENI” – bu gün əlilliyi olan şəxslərə və xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olmaq üçün iki yeni sosial sərmayə layihəsinin icrasına başlayıb.


“Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması” adlı birinci layihə təxminən 90 nəfər əlilliyi olan şəxsin məşğulluq imkanlarının artırılmasına müsbət təsir göstərməklə 2018-ci ildə uğurla tamamlanmış təşəbbüsün davamıdır. Layihənin bu yeni mərhələsi layihə iştirakçıları üçün məşğulluq imkanlarını daha da artırmaq məqsədilə təlim proqramını genişləndirmək üçün nəzərdə tutulub.

 

Builki proqramda bir yeni mühüm komponent vardır. İngilis dili, ünsiyyət bacarıqları və kompüter biliklərinin inkişaf etdirilməsi və psixoloji dəstəyin göstərilməsindən əlavə, yeni proqram çərçivəsində vergi mütəxəssisi, mühasibatlıq/əməkhaqqı/SAP sistemi, kassir, sosial media üzrə menecer, çağrı mərkəzi üzrə mütəxəssis/telefon vasitəsilə satış əməkdaşı, logistika əməkdaşı, insan resursları/inzibati məsələlər üzrə əməkdaş, qrafika dizayneri (“Adobe illustrator”, “Indesign”, “Adobe photoshop”), veb-dizayner, sahibkarlıq səriştələri və incəsənət bacarıqları kimi sahələrdə xüsusi peşə bacarıqları inkişaf etdiriləcək.

 

Psixoloji dəstək əvvəlki ildə olduğu kimi fərdi və qrup şəklində konsultasiyalar vasitəsilə təmin ediləcək. Layihə həmçinin pilot fazada olduğu kimi işəgötürənlərin şəbəkəsi ilə uğurlu əməkdaşlığını davam etdirəcək.

 

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Biz layihə iştirakçılarında ingilis dili, ünsiyyət və kompüter bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş pilot fazanın uğurunu davam etdirmək qərarına gəldik. Bu komponentlər əsas məşğulluq bacarıqlarının inkişafında, habelə layihə iştirakçılarının cəmiyyətə inteqrasiyasında mühüm rol oynadı. Nəticədə, çox sayda layihə iştirakçısı iş tapdı və cəmiyyətə daha geniş inteqrasiya edə bildi. Biz BP şirkətində 10-a yaxın layihə iştirakçısı üçün təcrübə imkanı yaratdıq. Onlar təxminən 3 aylarını BP-də keçirərək iş təcrübəsi qazandılar və proqramımız vasitəsilə inkişaf etdirdikləri bacarıqları təcrübədə tətbiq etdilər. Hesab edirik ki, bu il xüsusi sahələrdə iş bacarıqları üzrə yeni imkanlar təmin etməklə təlimlərin səmərəliliyi daha da artacaq.”

 

Layihənin icrası zamanı BP və tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Mərkəzləri ilə sıx əməkdaşlıq edəcək. Bu, layihə iştirakçılarına təcrübə və məşğulluq imkanları təmin etmək üçün təşəbbüsə qoşulmaq istəyən biznes təşkilatlarının və müəssisələrinin səyləri ilə birləşdiriləcək.


Bu yeni birillik təşəbbüs “British Council” təşkilatı tərəfindən yerinə yetiriləcək. Layihənin ümumi dəyəri 580,000 AZN-dən artıqdır.
İkinci layihə xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olan təhsil proqramından ibarətdir. Layihənin məqsədi bu cür uşaqların reabilitasiyasına cəlb edilən mütəxəssislərin bacarıq və biliklərini artırmaqdır. Bu layihə çərçivəsində 60 nəfər fizioterapiya mütəxəssisi və ailə üzvləri üçün reabilitasiya üzrə 16 təlim proqramının həyata keçirilməsi nəzərdə tutulur.

 

Cənab Aslanbəyli əlavə olaraq qeyd etdi: “İnanırıq ki, bu təlim proqramları vasitəsilə biz Azərbaycan Fizioterapiya Assosiasiyasının Pirallahıda və daha sonra digər yerlərdə fizioterapiya mütəxəssislərinin xidmətlərindən geniş istifadə imkanı verən mərkəz yaratmaq planlarına dəstək göstərə biləcəyik. Bu mərkəz təhsilə, dəstəyə və məsləhətə ehtiyacı olan 300-dək ailənin və reabilitasiya xidmətlərinə ehtiyacı olan uşaqların bu xidmətlərdən istifadə imkanını artıracaq. Layihə həmçinin assosiasiyaya imkan verəcək ki, təlimləri gücləndirmək və daha çox icma üzvünü əhatə etmək məqsədilə onlayn dəstək, təlim videoları və çap edilmiş təlimat kitabçaları təmin etməklə öz resurslarından istifadə imkanını genişləndirsin.”

 

Layihənin müddəti on bir aydır (avqust 2019 – iyul 2020) və dəyəri 90000 AZN-dən artıqdır.

 

Layihə Azərbaycan Fizioterapiya Assosiasiyası kimi tanınan Fizioterapiyanın İnkişafına Kömək İctimai Birliyi tərəfindən yerinə yetiriləcək.

 

Redaktorlar üçün qeydlər:


BP-nin və tərəfdaşlarının Xəzərdəki layihələrinin uğuruna həm də regiondakı ölkələrinəhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaradılması daxildir. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial sərmayə layihələri həyata keçirir. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

 

2019-cu ilin birinci yarısında BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları təkcə sosial sərmayə layihələrinə Azərbaycanda təqribən 1,4 milyon dollardan artıq vəsait xərcləmişlər.

 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial sərmayə layihələrini davam etdirəcək.

 

Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) +994 12 525 5895