1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. ABƏŞ Çıraq neft layihəsi müqavilələrini elan edir

ABƏŞ Çıraq neft layihəsi müqavilələrini elan edir

Tarix:
9 İyul 2010

 

Bu gün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin (AÇG) işlənməsinin bir hissəsi olan Çıraq Neft Layihəsi (ÇNL) üzrə ümumilikdə təxminən 814 milyon dollar dəyərində 6 (altı) əsas müqaviləni elan edib. Bundan əvvəl bu ilin mart ayında AÇG üzrə Rəhbər Komitə ÇNL layihəsinin başlanması haqqında qərar vermişdi.

 

ÇNL layihəsi aşağıdakı obyektlərdən ibarət olacaq:

  • bir sualtı dayaq tavası, bir stasionar polad dayaq bloku, üst modulları və əlaqədar avadanlıqdan ibarət texnoloji emal, qazma və yaşayış platforması (TEQY)
  • sualtı neft və qaz boru kəmərləri və əlaqədar avadanlıq

 

AÇG-də iştirak payları: BP (operator – 34,1%), Şevron (10,2%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İTOÇU (3,9%), Hess (2,7%).

 

Bu əsas müqavilələr ABƏŞ tərəfindən aparılmış geniş danışıqlar və tender prosesi nəticəsində seçilib. Bu proses təxminən 18 ay çəkib və AÇG işlənməsinin əvvəlki layihələrindən qazanılmış təcrübəyə əsaslanıb.

 

ÇNL layihəsi üzrə bu gün élan olunan 6 əsas müqavilə aşağıdakılardır:

  1. BOSşelf şirkəti (Saypem Qrup və ARDNŞ-nin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) arasında yaradılmış birgə müəssisə) ilə bu işlər üçün: platformanın dayaq blokunun, sualtı dayaq tavasının və bununla bağlı olan bərkitmə payaları, həmçinin dərinsulu Günəşlidəki mövcud texnoloji emal, qaz kompressoru, suvurma və texnoloji təchizat platformasının üstündəki boş saxlanmış yerdə dikborunun dayaq çərçivəsinin quraşdırılması. Bu müqavilənin ümumi dəyəri təxminən 215 milyon dollardır. İşlər Bakıda BDÖZ tikinti-quraşdırma sahəsində aparılacaq.
  2. AMEK/Tekfen/Azfen (ATA) konsorsiumu ilə platformanın birləşmiş göyərtəsinin (üst modulların) o cümlədən qazma obyektlərinin quraşdırılması, yığılması, nizamlanması və istismar sınaqları üçün. Bu müqavilənin ümumi dəyəri təxminən 340 milyon dollardır. İşlər Bakıda Azfen tikinti-quraşdırma obyektində icra olunacaq.
  3. Saipem Asia Sdn Bhd (Malayziya) şirkəti ilə dayaq tavasının daşınması və dənizdə quraşdırılması üçün. Bu müqavilənin ümumi dəyəri təxminən 57 milyon dollardır. Müqavilə üzrə işləri həyata keçirmək üçün ARDNŞ-nin ağır yükqaldırma gəmisi olan “Azərbaycan” kran barjından istifadə olunacaq
  4. Applay Leirvik Emtunga (Norveç-İsveç) şirkəti ilə platformanın yaşayış blokunun mühəndis-layihə, tədarük və tikinti işləri üçün. Bu müqavilənin dəyəri təxminən 22 milyon dollardır. Mühəndis-layihə işləri bu il başlanacaq. Bu işlər bitdikdən sonra blokun İsveçdən Azərbaycana göndərilməsi 2011-ci ilin üçüncü rübünə planlaşdırılır. Yaşayış blokunun yığılması və quraşdırılması Bakıda Azfen tikinti-quraşdırma obyektində icra olunacaq.
  5. Kellogg Braun&Rut (ABŞ/Böyük Britaniya) şirkəti ilə dəniz obyektlərinin mühəndis-layihə işləri üçün. Bu müqavilənin dəyəri təxminən 150 milyon dollardır. Mühəndis-layihə işləri yekunlaşdıqdan sonra işlər Bakıda tikinti sahəsində podratçı ilə birgə yerinə yetiriləcək.
  6. KCA Deutag (ABŞ/Böyük Britaniya) şirkəti ilə platformanın qazma modullarının mühəndis-layihə işləri üçün. Bu müqavilənin dəyəri təxminən 30 milyon dollardır. Mühəndis-layihə işləri yekunlaşdıqdan sonra işlər Bakıda tikinti sahəsində podratçı ilə birgə yerinə yetiriləcək.

 

Bu yeni imzalanmış müqavilələrdə də ABƏŞ Azərbaycanın yerli ehtiyatlarından optimal istifadə öhdəliyinə sadiq qalıb. ÇNL layihəsinin tikinti işlərinə 9 milyon adam-iş saatı sərf olunacaq ki, bu işlərin də 90%-i Azərbaycanda yerinə yetiriləcək və onun da 80%-i Azərbaycanın yerli işçi qüvvəsi tərəfindən həyata keçiriləcək. Bundan əlavə, müqavilələri udmuş şirkətlərə yerli subpodratçılardan maksimum istifadə etmək tövsiyə olunur və bunun nəticəsində də ÇNL üzrə ümumi xərclərin 30%-dən çox hissəsinin Azərbaycanda sərf ediləcəyi gözlənilir.

 

Qalan əsas podratçı müqavilələrinin verilməsi hazırda yekunlaşmaq üzrədir. Sualtı boru kəmərlərinin inşası və dalğıc işləri, dayaq bloku və üst modulların dənizə daşınması və quraşdırılması kimi müqavilələr haqqında məlumat gələcəkdə açıqlanacaq.


Redaktorlar üçün qeyd:

 

Ümumi dəyəri 6 milyard dollar olan Çıraq Neft Layihəsi (ÇNL) Xəzər dənizinin Azərbaycan sektorundakı AÇG yatağının hazırda davam edən işlənməsində növbəti əhəmiyyətli addımdır. ÇNL işlənməsi ümumilikdə 360 milyon barel əlavə ehtiyatların çıxarılmasına imkan verəcək. Bunun üçün mövcud Dərinsulu Günəşli (DərSG) və Çıraq-1 platformaları arasında yeni bir dəniz qurğusu tikiləcək. AÇG işlənməsinin tarixində ilk dəfə olaraq ÇNL layihəsi yerli ehtiyatlardan mümkün ən yüksək səviyyədə istifadə edəcək və bütün quraşdırma işləri ölkə daxilində aparılacaq.

 

 

Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57