Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) (əməliyyatçısı BP şirkətidir) Maunt Vernondan (ABŞ) Bakıya üç əsas enerji bloku gətirir.
Rolls Roys şirkətindən alınmış bu bloklardan Çıraq Neft Layihəsinin (ÇNL) bir hissəsi olaraq Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) yatağında quraşdırılacaq Qərbi Çıraq platformasını enerji ilə təchiz etmək üçün istifadə olunacaq.
Yükün gətirilməsi təxminən dörd ay çəkəcək. Birinci enerji generatoru bloku Maunt Vernondan iyul ayında yola salınacaq və Bakıya oktyabr ayında – Rusiyanın su yollarının qış mövsümü üçün bağlanmasından əvvəl çatdırılacaq.
BP-nin Azərbaycanda əsas layihələr üzrə vitse-prezidenti Brus Luberski deyir: “Neçə illərdir ki, biz Rolls-Roys şirkətinin istehsalı olan enerji bloklarından Xəzər regionunda özümüzün dəniz və qurudakı əməliyyatlarımızda istifadə edirik, lakin bu birinci dəfədir ki, biz onları Rolls-Roysun Maunt Vernondakı zavodundan gətiririk. Bilirik ki, bu generatorlar indiyədək Maunt Vernondan yola salınan ən böyük enerji bloklarıdır və buna görə də, bir ilə yaxındır ki, biz ABŞ-dan Xəzər dənizi sahillərinədək 10000 mildən artıq bir məsafəni qət edəcək bu uzun və mürəkkəb yükdaşıma əməliyyatını diqqətlə planlaşdırırıq. Blokları təhlükəsiz şəkildə Bakının Bibi-Heybət ərazisindəki ATA tikinti-quraşdırma sahəsinə çatdırmaq və 2013-cü ildə Çıraq Neft Layihəsindən ilk neftin alınması cədvəlinə uyğun olaraq onları Qərbi Çıraq platformasının göyərtəsinə təhlükəsiz halda quraşdırmaq üçün bütün planlarımız hazırdır.”
Blokların hər birinin maksimum gücü 27 meqavatt olmaqla uzunluğu 18 m (60”), eni 4,8 m (15”7), hündürlüyü 4,5m (14”3) və çəkisi 185 tondur (407000 funt). Bloklar AC generatorunu hərəkətə gətirən və ikili yanacaqla (neft və ya qaz) işləyən G62 turbinli Rolls-Roys RB211 qaz generatoru ilə qidalanır. Bloklar Azərbaycana göndərilməzdən əvvəl Rolls-Roys zavodunda tam sınaqdan keçirilir.
Blokların ümumi dəyəri 50 milyon dollardır.
Redaktorlar üçün qeyd:
Ümumi dəyəri 6 milyard dollar olan Çıraq Neft Layihəsi (ÇNL) Azəri-Çıraq-Günəşli (AÇG) yatağından hasilatın artırılması və ümumilikdə 360 milyon barel əlavə ehtiyatların çıxarılması üçün planlaşdırılmış bir işlənmədir. Bunun üçün mövcud Dərinsulu Günəşli (DərSG) və Çıraq platformaları arasında yeni bir dəniz qurğusu tikiləcək.
Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57