Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Lökbatan qəsəbəsində “Doğum evinin yenidən qurulması” layihəsini uğurla tamamlamışdır.
Bu layihə iri Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinin Qaradağ rayonu üzrə ictimaiyyətə yardım proqramının bir hissəsidir, hazırda Səngəçal terminalı da daxil olmaqla ABƏŞ-in bəzi obyektlərinin tikintisi bu ərazidə aparılır.
Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları: BP (operator – 34,1%), Yunokal (10,3%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İtoçu (3,9%), Amerada Hess (2,7%) şirkətləridir.
Bu layihənin həyata keçirilməsinə 2005-ci ilin avqustunda Beynəlxalq Tibb Korpusu (BTK) təşkilatı tərəfindən başlanmışdı. BTK ilə ABƏŞ 2005-ci ilin aprelində saziş imzalamışdı və həmin sazişə əsasən yenidənqurma işləri bu il fevralın əvvəlində tamamlanmışdır.
Layihənin bir hissəsi olaraq tam təmir olunmuş doğum evi həm də yeni avadanlıqla təmin edilmişdir.
Layihənin ümumi dəyəri 39.270 dollardır və bunun 29.750 dollarını (20.500 dollar təmir üçün və 9.250 dollar avadanlıqlar üçün) AÇG layihəsi ödəmiş, 5.070 dollarlıq natural vəsait (adyallar, yorğanlar və yeni doğulan uşaqlar üçün ləvazimatlar) BTK tərəfindən təmin olunmuş, qalan 4.450 dollarlıq vəsait (təmir üçün 1.450 dollarlıq materiallar, işçi qüvvəsi və 3.000 dollar dəyərində avadanlıq üçün) yerli icma üzvləri tərəfindən töhfə edilmişdir.
Qaradağ İcmaya Yardım Proqramı ABƏŞ və onun tərəfdaşları, BTK tərəfindən bu rayonundakı ən təxirəsalınmaz səhiyyə ehtiyaclarının ödənilməsi üçün başlanmışdı.
“Bu proqramın məqsədi ilkin səhiyyə xidmətlərinin, xüsusilə ana və uşaq sağlamlığının möhkəmləndirilməsi, eləcə də Qaradağ rayonunda səhiyyə maarifi vasitəsilə təməl səhiyyə məsələləri ilə bağlı məlumatlandırmanın artırılması, həmçinin təlimdir. Səngəçal terminalının yerləşdiyi Qaradağ rayonu sakinlərinin keyfiyyətli səhiyyə xidmətlərindən istifadə edə bilmək imkanlarını yaxşılaşdırmaq üçün icma fəaliyyət qruplarını səfərbər edirik.” – Səngəçal Terminalının Genişləndirilməsi Proqramının direktoru Yakobus Nyuvenhauz deyir. “Bu proqram bir daha nümayiş etdirir ki, biz öz səylərimizi həmin icmalarla birləşdirdikdə nəyə nail ola bilərik. Qonşularımızla əməkdaşlığımızın bu diqqətəlayiq nəticəsinin şahidi olmaqdan həqiqətən məmnunam.”
Bu proqram çərçivəsində indiyə qədər görülmüş əsas işlərə aiddir: tibb işçiləri üçün səhiyyə xidməti təliminin keçilməsi, səhiyyə xidməti obyektlərinin bərpası, ən zəruri tibb avadanlıqlarının təmin edilməsi, ən mühüm dərmanların və təchizatın təmin edilməsi, icma fəaliyyət qruplarının səfərbər edilməsi, əhalinin yaşıd qrupları arasında ictimaiyyətə əsaslanan qeyri-rəsmi səhiyyə maarifinin aparılması, icma səhiyyə festivallarının keçirilməsi və məktəblərdə maarifləndirmə aparılması.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57