Azəri-Çıraq-Günəşli (AÇG) layihəsi tərəfdaşları bu gün 20 sentyabr 1994-cü il tarixində Azərbaycan hökuməti ilə altı ölkəni təmsil edən 11 xarici neft şirkəti arasında imzalanmış AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin 25-ci ildönümünü qeyd edir.
“Əsrin Müqaviləsi” kimi tanınmış bu sazişin müddəti 2017-ci ilin sentyabr ayında 2049-cu ilin sonunadək uzadılmışdır.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev: “Bu gün müstəqil Azərbaycanın tarixində xüsusi strateji rol oynamış “Azəri, Çıraq və Dərinsulu Günəşli” yataqlarında Hasilatın Pay Bölgüsü üzrə Saziş”in - “Əsrin müqaviləsi”nin 25-ci ildönümünü qeyd edirik. Tarix üçün bir an qədər qısa olan, lakin hər günü fədakar əmək atmosferində keçmiş bu 25 ildə qazanılan uğurlar, həyata keçirilən layihələr möhtəşəmliyi ilə insanda qürur hissi yaradır. Son 25 ildə ölkəmizdə illik neft hasilatı 4 dəfədən çox artmışdır və ölkə iqtisadiyyatının bütün sahələrində böyük canlanma yaratmışdır.
Xəzərin Azərbaycan sektorundakı dərinsulu yataqların işlənilməsi üçün ölkəyə zəruri texnologiyalar, müasir istehsal üsulları gətirilmiş, bütün sahələr üzrə innovativ metodlar tətbiq edilmişdir. Ölkəyə təqribən 265 milyard ABŞ dolları, o cümlədən, neft-qaz sənayesinə 101 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur. “AÇG”-nin işlənilməsinə yatırılmış sərmayənin miqdarı isə 36 milyard ABŞ dollarını keçmişdir”.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “AÇG-nin 25-ci ildönümü Azərbaycanın neft və qaz sənayesinin yeni tarixində olduqca əlamətdar bir hadisədir. Bu, SOCAR, BP və AÇG müqaviləsinin bütün digər tərəfdaşları üçün tarixi bir gündür.
1994-cü ildən bəri bu müqavilə çərçivəsində əldə olunanlar möhtəşəmdir. Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başlanmışdır. Bu nailiyyətlərin bir səbəbi də AÇG çərçivəsində qurulan çox uğurlu əməkdaşlıqdır. Bunun üçün biz Prezident Əliyevə, onun hökumətinə və SOCAR-a borcluyuq. Biz birlikdə əməkdaşlığın nəyə qadir olduğunu göstərdik.”
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədova. Telefon: (+994 12) 521 03 69)
və
BP şirkətinin mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: (+994 12) 525 58 95