1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. ARDNŞ və BP milli kadrların inkişafı sahəsində əməkdaşlığı genişləndirir

ARDNŞ və BP milli kadrların inkişafı sahəsində əməkdaşlığı genişləndirir

Tarix:
1 sentyabr 2014

ARDNŞ və BP arasında yerli işçi qüvvəsinin təlimi və inkişafı, eləcə də insan resursları sahəsində əməkdaşlığın genişləndirilməsinə dair iki sənəd imzalanmışdır.

 

Birgə təşkil olunmuş tədbirdə imzalanan sənədlər tərəflərin neft-qaz sənayesi ilə bağlı peşələr üzrə ixtisaslaşan azərbaycanlı işçilər üçün təlim və inkişaf imkanlarının yaradılması istiqamətində əməkdaşlıq etmək öhdəliyinə sadiqliyini bir daha təsdiq edir.

İmzalanmış sənədlər aşağıdakılardır:

 

ARDNŞ-nin Qobustan Regional Təlim Mərkəzində yerli işçi qüvvəsinin təlimi sahəsində əməkdaşlığa dair saziş. Bu saziş çərçivəsində BP şirkəti Səngəçal terminalı yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan 100 nəfərin peşə və texniki təliminə dəstək olmaq barədə öhdəlik götürür. Onların bir illik təlimi ilə bağlı təhsil haqqı və digər xərcləri BP və onun tərəfdaşları tərəfindən ödənilcək.

 

ARDNŞ və operator BP şirkəti arasında razılaşdırılmış işəgötürmə və təyinat proseslərinə dair Anlaşma Memorandumu. Bu sənəd Azərbaycanda BP şirkətinin əməliyyatçılığı ilə həyata keçirilən bütün hasilatın pay bölgüsü haqqında sazişləri əhatə edir və işçilərin işə götürülməsi sahəsində əməkdaşlıq etmək üçün ümumi bir baza təqdim edir. Anlaşma Memorandumu BP şirkəti tərəfindən şirkətxarici namizədlərin işə götürülməsi məqsədilə elan edilmiş və yerli əməkdaşlar üçün nəzərdə tutulmuş vakansiyalara işçilərin qəbul olunmasında ARDNŞ və BP-yə əməkdaşlıq imkanı yaradır.

 

BP-nin əlaqələr, şirkətxarici işlər və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov demişdir: “BP və onun tərəfdaşları neft sənayesindəki yerli işçi qüvvəsinin inkişaf etdirilməsi istiqamətində ARDNŞ ilə daha yaxından əməkdaşlıq etmək üçün yeni imkanların yaranmasından məmnunluq duyur. BP şirkəti ölkənin nəhəng neft və qaz layihələrinin artan tələbatını ödəmək üçün dünya səviyyəli potensialın yaradılması istiqamətində Azərbaycanın göstərdiyi səyləri dəstəkləmək öhdəliyinə sadiqdir. Bu gün imzaladığımız sənədlər ixtisaslı kadrların və işçi qüvvəsinin inkişafına dəstək olaraq, onların BP-nin əməliyyatçı olduğu layihələrdə maksimum sayda işə cəlb oluna bilməsi üçün göstərdiyimiz səylərə uyğundur. Bu səylər bizim 2014-18-ci illəri əhatə edən milliləşdirmə planımızın bir hissəsidir. Ümumilikdə, bu plan milliləşdirmə ilə bağlı qarşıya qoyduğumuz hədəflər istiqamətində irəliləməyi nəzərdə tutur və bunun bir hissəsi kimi, BP və onun tərəfdaşları yerli işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaq üçün müxtəlif təhsil və təlim proqramları vasitəsilə ARDNŞ ilə əməkdaşlıq etməkdən məmnunluq duyur.”

 

ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov demişdir: “Bu gün imzalanan sənədlər BP-nin Azərbaycandakı fəaliyyətləri üçün tələb olunan neft-qaz ixtisasları və peşələri üzrə personalın milliləşdirilməsi sahəsində mövcud əməkdaşlığı daha da genişləndirmək imkanı verir. Birinci sazişə əsasən, BP şirkəti öz üzərinə ARDNŞ-nin Qobustandakı Regional Təlim Mərkəzində 100 nəfər azərbaycanlı gəncin təlim almasına dəstək göstərmək haqqında öhdəlik götürür. Biz hesab edirik ki, bu, Azərbaycan gəncləri üçün ölkəmizdə həyata keçirilən dünya səviyyəli neft və qaz layihələrinə cəlb olunmaq baxımından əlverişli fürsətdir. Saziş eyni zamanda Azərbaycan neft-qaz sənayesi üçün müasir standart və tələblərə cavab verən peşəkar fəhlələrin hazırlanması işinə mühüm töhfə olacaqdır. Şirkətlərimiz saziş çərçivəsində təhsil alan gənclərin təlim prosesinə nəzarəti birlikdə həyata keçirəcək, onların ən yaxşıları məktəbi bitirən kimi müxtəlif layihələrdə işə cəlb ediləcəkdir. İmzaladığımız Anlaşma Memorandumu isə ölkəmizin əmək ehtiyatlarından səmərəli istifadə etmək məqsədi ilə birgə fəliyyətimizi tənzimləmək üçün etibarlı əsas yaradır. Bu sənəd bizə imkan verəcək ki, ARDNŞ və BP Azərbaycanın neft-qaz sənayesində ehtiyac duyulan milli kadrların ehtiyat bazasını yaratsınlar və həmin bazanın resurslarından səmərəli istifadə etsinlər. ARDNŞ, BP və digər tərəfdaşlar gənclərimizə yeni imkanlar yaradılması və neft sənayesində yüksək ixtisaslı yerli kadrların yetişdirilməsi istiqamətində fəaliyyətlərimizdə öhdəliklərimizə sadiqlik nümayiş etdirirlər.”

 

Əlavə məlumat üçün aşağıdakı şəxslərə müraciət edə bilərsiniz:

 

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlı. Telefon: 994 (0) 12 599 4557
ARDNŞ-nin mətbuat xidmətində Nizaməddin Quliyev. Telefon: 994 (0) 12 521 01 29