1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Azərbaycan Hökuməti və BP şirkəti İkitərəfli Təhlükəsizlik Protokolu imzalayır

Azərbaycan Hökuməti və BP şirkəti İkitərəfli Təhlükəsizlik Protokolu imzalayır

Tarix:
13 Noyabr 2007

 

Bu gün Bakı şəhərində Azərbaycan Hökuməti və BP şirkəti arasında İkitərəfli Təhlükəsizlik Protokolu imzalanmışdır. BP şirkətinin Azərbaycanda həyata keçirdiyi neft-qaz layihələri üçün təhlükəsizliyin təmin edilməsi bu protokol çərçivəsində nizamlanacaqdır.

 

Bu protokol BP tərəfindən idarə olunan obyekt və qurğuların - Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrinin, Qərb İxrac Boru Kəmərinin (QİBK), Şimal İxrac Boru Kəmərinin (ŞİBK), Şahdəniz və AÇG (Azəri-Çıraq və Dərinsulu Günəşli) dəniz yataqları ilə əlaqədar qurğuların, eləcə də Səngəçal terminalında yerləşən müvafiq sahil qurğularının təhlükəsizliyinin təmin edilməsi məsələlərini əhatə edir. İkitərəfli Təhlükəsizlik Protokolunun məqsədi beynəlxalq miqyasda qəbul edilmiş insan haqları prinsiplərinə hörmət və riayət olunmasını daha da gücləndirilməkdir.

 

İkitərəfli Təhlükəsizlik Protokolu güc və odlu silahdan istifadə, təhlükəsizlik xidməti əməkdaşlarının işə götürülməsi və onlar üçün təlim keçilməsi, məsləhətləşmə və informasiya mübadiləsinin aparılması və öhdəliklərə riayət edilməsinin monitorinqi ilə bağlı standart və prosedurları konkret olaraq müəyyənləşdirir.

 

Bu protokolun imzalanması Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin və BTC Ko şirkətinin BTC üzrə 16 may 2003-cü il tarixli Birgə Bəyanatında əks olunmuş öhdəliklərinin həyata keçirilməsini təmin edir. Həmin Bəyanatda tərəflər Hökumətlərarası Sazişə (HAS) və Tranzit Əraziyə Malik Ölkə Hökuməti Sazişlərinə (TƏMÖHS) protokollar imzalamaqla insan haqları üzrə standartlara hörmət və riayət olunmasını daha da gücləndirmək kimi qarşılıqlı öhdəliklərə malik olduqlarını bəyan etmişlər.


Tranzit əraziyə malik ölkə hökumətləri və operator qismində çıxış edən BP şirkəti Türkiyə və Gürcüstan hökumətlərinin də daxil olduqları Üçtərəfli Təhlükəsizlik Komissiyasının işi çərçivəsində müsbət əməkdaşlığa nail olmuş və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin nәzdindә yaradılmış İxrac Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi ilə insan haqları üzrə iki illik təlim proqramını həyata keçirmişlər.

 

Protokolun imzalanmasına dair razılığın əldə olunması Azərbaycan Hökuməti ilə BP şirkəti arasında aparılmış hərtərəfli müzakirələrin nəticəsidir və təhlükəsizlik və insan haqları sahəsində hökumətlə özəl sektor arasında yaranan əməkdaşlığın beynəlxalq səviyyədə yeni bir təzahürüdür.

 

BP Azərbaycan şirkətinin prezidenti cənab Bill Şreyder deyir: "Biz əminik ki, İkitərəfli Tәhlükәsizlik Protokolunun imzalanması Azərbaycan Hökuməti ilə BP şirkəti arasında əməkdaşlığı yeni və daha yüksək bir səviyyəyə qaldıracaq və beynəlxalq aləmdə qəbul edilmiş insan hüquqları standartlarına hörmət və riayət etməklə bizim birgə layihәlәrimizin təhlükəsizliyini daha da möhkəmləndirəcəkdir."

 

İkitərəfli Təhlükəsizlik Protokolu eləcə də tərəflərin insan haqlarına milli qanunvericilikdə, eləcə də Ümumdünya İnsan Haqları Bəyannaməsi, Birləşmiş Millətlər Təşkilatının Hüquq-Mühafizə Orqanları Əməkdaşlarının Davranış Məcəlləsi, Hüquq-Mühafizə Orqanlarının Əməkdaşları tərəfindən Güc və Odlu Silahdan İstifadəyə dair Birləşmiş Millətlər Təşkilatının Əsas Prinsipləri və Təhlükəsizlik və İnsan Haqları üzrə Könüllülük Prinsipləri də daxil olmaqla bir sıra beynәlxalq sənədlərdə nəzərdə tutulmuş prinsiplərə uyğun olaraq hörmətlə yanaşmasını nümayiş etdirir.

 


Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57