1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Azərbaycanın mədəni irsini dəstəkləyirik

Azərbaycanın mədəni irsini dəstəkləyirik

Tarix:
14 dekabr 2017

Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ) texniki operatoru olan BP və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) işləri zamanı aşkar edilmiş arxeoloji tapıntıların tam təhlil edilməsi üzrə əməkdaşlıq etmək üçün bu gün Qarşılıqlı Anlaşma Memorandumu (QAM) imzaladılar. Tapıntılar Goranboy rayonunun Kərpiclitəpə ərazisində yerləşən arxeoloji qazıntı sahəsində (CQBKG-nin 247-ci kilometrliyində) aşkar edilib

 

Bu gün imzalanmış sənəd hər iki tərəfin Kərpiclitəpə ərazisində aşkar edilmiş tapıntılarla bağlı Azərbaycanın mədəni irsinə dəstək göstərilməsində əməkdaşlıq etmək niyyətini təsdiqləyir. Bu həmçinin əhəmiyyətli arxeoloji tapıntılarla bağlı CQBKG üzrə Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədində CQBKŞ-nin götürdüyü öhdəliklərə uyğundur.


Bu sənəd çərçivəsində yerinə yetiriləcək işlərə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunu təmsil edən altı nəfər arxeoloq tərəfindən iki ay müddətində əlavə qazıntı işlərinin aparılması daxildir. Bu işlərdə arxeoloqlara on iki nəfər fəhlənin dəstək verəcəyi nəzərdə tutulur. 


Görüləcək işlər nəticəsində arxeoloji sahənin 3-ölçülü modelinin  hazırlanması imkanına da baxılacaq. Belə bir model hazırlanarsa, əldə edilmiş məlumatların geniş yayılmasına kömək edəcək.


Aşkar edilmiş bütün artefaktlar müvafiq qaydada qeydiyyata alınacaq və qorunub saxlanacaq.