Bu gün BP şirkətinin əməliyyatçılığı ilə idarə olunan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 20 sentyabr 1994-cü il tarixində Azərbaycan ilə on bir beynəlxalq şirkət arasında imzalanmış Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə hasilatın pay bölgüsü haqqında sazişin 20-ci ildönümünü qeyd edib.
AÇG yatağındakı fəaliyyətlər başladığı ilk andan etibarən yüksək səviyyədə həyata keçirilib. İlkin Neft Layihəsinə 1996-cı ilin fevral ayında sanksiya verilib və bu layihə çərçivəsində 7 noyabr 1997-ci il tarixində Çıraqdan ilk neft hasil olunub. O vaxtdan etibarən AÇG yatağından təxminən 2,5 milyard barel (340 milyon tondan artıq) neft hasil olunaraq dünya bazarlarına ixrac edilib. Hazırda AÇG yatağında gündəlik orta hasilat tempi gündə təxminən 660000 barel təşkil edir.
Tədbir çərçivəsində Bakı şəhəri yaxınlığında yerləşən Səngəçal terminalında Cənub Qaz Dəhlizinin təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Prezidenti, Bolqarıstan Prezidenti, Türkiyə, Gürcüstan, Yunanıstan və Monteneqronun Baş nazirləri və eləcə də İtaliya, Albaniya, Xorvatiya, ABŞ və Böyük Britaniyadan olan yüksək səviyyəli hökumət rəsmiləri layihənin başlanmasını qeyd etmək üçün terminalda Cənub Qaz Dəhlizinin ilk boru seksiyasına öz imzalarını atıblar və sonra isə həmin boru seksiyası basdırılıb.
Bu, Şahdəniz Mərhələ 2 layihəsinin gerçəkləşdirilməsində əlamətdar bir mərhələdir və o, nəhəng Şahdəniz yatağından hasil ediləcək ildə 16 milyard kubmetr qazın təxminən 3500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql edilməsinə imkan verəcək. İlk qazın nəqli 2018-ci ilin sonlarına planlaşdırılır və onun Gürcüstan və Türkiyəyə satışı nəzərdə tutulub; Avropaya ilk təchizat isə təxminən bir il sonra gerçəkləşdiriləcək.
Bütün tərəfdaşların adından çıxış edən BP Qrupunun baş icraçı direktoru Bob Dadli dedi: “Bu gün Azərbaycan və enerji sektoru üçün əlamətdar bir gündür. 1994-cü ildən bu vaxtadək son dərəcədə böyük nailiyyətlər əldə olunub. Buna görə də, mən Prezident Əliyevə, onun hökumətinə və ARDNŞ-ə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz birlikdə tərəfdaşlığın nəyə qadir olduğunu nümayiş etdirdik.
Bu tərəfdaşlığın uğurlu olmasının səbəblərindən biri də Azərbaycanın təchiz etdiyi enerjinin strateji əhəmiyyəti ilə bağlıdır. Dünya bazarlarında enerji təchizatına son dərəcədə böyük tələbat var və biz təbii sərvətlərlə zəngin olan qapalı hövzədən dünya bazarlarına tam yeni bir marşrut açdıq. Bu vaxtadək BTC boru kəməri vasitəsilə iki milyard bareldən artıq neft nəql edilib.
Bu gün biz yalnız geriyə nəzər salaraq ötən iyirmi ili qeyd etmirik, biz həm də irəliyə baxaraq Azərbaycanın enerji tarixində yeni bir səhifə açırıq, belə ki, biz Xəzər dənizindəki nəhəng Şahdəniz yatağından Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və yekunda İtaliyaya qaz nəql etmək üçün cənub dəhlizinin inşasına başlayırıq.”
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57