Layihələri İdarəetmə Məktəbi ölkənin özəl və dövlət sektorunda layihə idarəetmə üzrə yerli bacarıqların və səriştələrin inkişaf etdirilməsi ehtiyaclarını qarşılamaq üçün ilk dəfə 2010-cu ildə təsis edilib. Bu məqsədlə də bu layihə xüsusi olaraq yerli menecerlərin beynəlxalq səviyyədə qəbul edilmiş geniş layihə idarəetmə proqramı üzrə təhsil almalarına imkan yaratmaq üçün hazırlanıb.
Proqramın məqsədi həm layihələrin bilavasitə idarə edilməsinin icrasını təkmilləşdirmək, həm də ölkədə layihələrin idarə olunması üzrə uzunmüddətli bacarıqların yaradılmasını təmin etməkdir.
LİM-in tədris proqramı yeddi moduldan ibarətdir – Layihələrin idarə edilməsi, Layihəyə rəhbərlik, İdarəetmə və əlaqə, Risklərin idarə edilməsi, Planlaşdırma və xərclərə nəzarət, Layihə menecerləri üçün keyfiyyət, Layihənin idarə edilməsinin tətbiqi mexanizmləri, Layihələri idarəetmə mütəxəssisi (LİEM) imtahanına hazırlıq.
LİM proqramını tam başa vuran şəxslərə beynəlxalq miqyasda tanınan Corc Vaşinqton Universitetinin layihələri idarəetmə ixtisası üzrə magistr sertifikatı verilir.
Təkrar fəaliyyətə başlayan LİM layihəsi Bakı Ali Neft Məktəbi ilə birlikdə həyata keçiriləcək. Bu məqsədlə Bakı Ali Neft Məktəbi icraçı tərəf qismində çıxış edən, layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “Twenty Eighty Strategy Execution” ilə tərəfdaşlıq edəcək. Müqaviləyə əsasən təlim proqramında Bakı Ali Neft Məktəbinin obyektlərindən istifadə olunacaq və bu ali məktəb proqramın fəaliyyətinə dəstək olacaq.
Hazırda ümumilikdə 50 nəfər iştirakçıdan ibarət iki təlim qrupunun yaradılması planlaşdırılır. Həmçinin Corc Vaşinqton Universitetinin sertifikasiyasına uyğun ixtisaslaşmış layihə menecerlərinə təlim keçə biləcək yerli müəllimlər yetişdirməklə LİM proqramı heyətinin milliləşdirilməsi də planlaşdırılır.
Yenidən fəaliyyətə başlamış LİM layihəsinin müddəti 2017-ci ilin mart ayından başlayaraq 18 ay olacaq. Layihənin dəyəri 214000 ABŞ dollarıdır. Fəaliyyətə başladığı müddətdən bu vaxtadək layihənin ümumi dəyəri isə 2,2 milyon ABŞ dolları təşkil edib.
2015-ci ilə qədər olan ilk 5 illik fəaliyyət müddəti ərzində Layihələri İdarəetmə Məktəbi özəl və dövlət sektoruna aid 114 təşkilatı təmsil edən 325 nəfərə uğurla təlim keçib. Corc Vaşinqton Universitetinin dinləyici sertifikatını almış ümumilikdə 312 məzundan 282 nəfəri isə magistr sertifikatına layiq görülüb.
BP-nin Bakıdakı mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz
Telefon: (+994 12) 599 45 57.