bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından elan edir ki, Azərbaycanda bərpa olunan enerji texnologiyaları sahəsində bacarıqların inkişafına yönəlmiş transformativ bir peşə təhsili layihəsini uğurla başa çatdırıb.
Bu təşəbbüs bp və tərəfdaşlarının ölkədə təhsilə və dayanıqlı inkişafa dəstək öhdəliyinin bir hissəsidir.
Layihədə məqsəd peşə təhsili alan tələbələrin və bu sahədə ixtisaslaşan müəllimlərin sürətlə inkişaf edən bərpa olunan enerji sektorunda fəal iştirakı üçün onları lazım olan bilik və praktiki bacarıqlarla təmin etməkdir. Layihə iki əsas komponentdən ibarətdir:
1. Bərpa olunan enerji üzrə tədris emalatxanalarının yaradılması. Bu məqsədlə biri Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, digəri isə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün olmaqla, ümumilikdə iki tam təchiz olunmuş, müasir bərpa olunan enerji emalatxanası yaradılıb.
Bu innovativ emalatxanalar real bərpa olunan enerji ssenariləri əsasında immersiv, praktiki təlim imkanları təqdim edir. Hər iki emalatxana qabaqcıl günəş və külək enerjisi sistemləri ilə təchiz olunaraq tələbələrə sənaye standartlarına uyğun praktiki bacarıqlar əldə etməyə imkan yaradır.
2. İqlim dəyişikliyi və ətraf mühit üzrə əhatəli təlim modulunun hazırlanması və peşə təhsili proqramına daxil edilməsi. Modulda qlobal istiləşmənin elmi əsasları və təsiri, insan fəaliyyətinin iqlim dəyişikliyinə təsiri, bərpa olunan enerji mənbələrinin bu təsirin azaldılmasında rolu, enerji səmərəliliyi və dayanıqlı inkişaf kimi mövzular əhatə olunub.
“Azərbaycanın peşə təhsili sistemi və bərpa olunan enerji sektoru üçün uzunmüddətli töhfələr verəcək bir layihəni uğurla başa çatdırmaqdan çox məmnunuq. İnanırıq ki, bu layihə tələbələrə bərpa olunan enerji texnologiyaları sahəsində praktiki bacarıqlar qazanmaq, müəllimlərə isə tədrisin keyfiyyətini artırmaq üçün dəyərli imkanlar yaradır. Ən önəmlisi isə odur ki, layihə gənc mütəxəssislər arasında dayanıqlı iqlim savadlılığını və ekoloji məsuliyyəti təşviq edərək Azərbaycanın enerji keçidi üçün ixtisaslı işçi qüvvəsinin formalaşmasına töhfə verir.”
Layihə “World Skills Azerbaijan” İctimai Birliyi tərəfindən həyata keçirilib. 2024-cü ilin may ayında başlanmış və 2025-ci ilin iyul ayında başa çatmış bu layihənin ümumi dəyəri 322000 AZN (təxminən 189400 ABŞ dolları) təşkil edib.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2398 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz
Telefon: (+994 12) 525 58 95