1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Beynəlxalq magistr dərəcəsini Azərbaycana gətiririk

Beynəlxalq magistr dərəcəsini Azərbaycana gətiririk

Tarix:
12 Mart 2020
Azərbaycanda kompüter elmləri və data analitikası üzrə potensialın inkişaf etdirilməsi;
Azərbaycan tələbələrinə Corc Vaşinqton Universitetindən magistr dərəcəsi almaq imkanının yaradılması;
ADA Universiteti və Corc Vaşinqton Universiteti arasında sıx əməkdaşlığın yaradılması

 

BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları (“SOCAR”, “TPAO”, “PETRONAS”, “Chevron”, “LUKOİL”, “NİCO”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “SGC”, “İTOCHU”, “ONGC”, “TOTAL”, “Eni”) və ADA Universiteti bu gün Kompüter Elmləri və Data Analitikası üzrə yeni magistr proqramının fəaliyyətə başladığını elan etdilər. Layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə sıx əməkdaşlıqda həyata keçiriləcək.

 

Bu, Azərbaycanın ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti tərəfindən birgə hazırlanmış ikili proqramdır. Proqramın məzunları hər iki universitetdən dərəcə alacaqlar.

 

“Biz ADA Universitetinin öz təcrübəsini dünyanın aparıcı beynəlxalq universitetlərindən biri olan Corc Vaşqinqton Universitetinin təcrübəsi ilə birləşdirərək ölkədə böyük tələbat olan bir sahədə yeni magistr proqramına dəstək verməkdən böyük məmnunluq duyuruq. Bu, Azərbaycanda ilk dəfə olaraq kompüter elmləri və data analitikası üzrə elmi dərəcə verən proqram olacaq.

 

Bir neçə il bundan əvvəl BP və tərəfdaşları ADA Universitetində Data Analizi üzrə Tədqiqat Mərkəzinin (CeDAR) yaradılmasına dəstək vermişdi. Bu dəstəyin məqsədi ADA universitetinin ölkədə data analitikası üzrə yüksək keyfiyyətli kadrlar, alimlər və mühəndislə rtələb edəcək yeni sektorun inkişafına yönəlmiş təşəbbüsünə imkan yaratmaq idi. Ümid edirik ki, BP və tərəfdaşlarının maliyyələşdirəcəyi bu yeni magistr proqramı data analitikası üzrə potensialın inkişaf etdirilməsinə təkan verəcək

 
.”Qəri Counz, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti

 

Proqram beş semestr tədris olunacaq və bunun üç semestri Bakıda, iki semestri isə Vaşinqtonda keçiriləcək. Vaşinqtondakı dərslər Corc Vaşinqton Universitetində Mühəndislik və Tətbiqi Elmlər Məktəbin (SEAS) dünya səviyyəli auditoriyalarında
aparılacaq. Bütün iştirakçıların təhsil haqları və digər xərcləri proqram tərəfindən maliyyələşəcək.

 

Layihənin dəyəri təxminən 6 milyon AZN-dir və bunun təxminən 3,4 milyon AZN-ni BP və onun əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları maliyyələşdirəcək.

 

Proqram üzrə dərslər 2020-ci akademik ilində başlayacaq. 

 

Redaktorlar üçün qeydlər

 

Ötən 27 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu layihələr təhsil və potensialın inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

 

2019-cu ildə BP və tərəfdaşları Azərbaycanda öz sosial investisiya layihələrinə təxminən 3 milyon ABŞ dolları vəsait xərcləmişlər.

 

BP və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün Azərbaycanda BP şirkətinin vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 5895

 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun çıxışı