bp bu gün Azərbaycanın tarixində neftin həlledici rolunu araşdıran yeni tədqiqat layihəsini təqdim edib. Layihə çərçivəsində “Neftimizin Avropaya uzun yolu. Bu yolun bilinən və bilinməyən faktları, işıqlı və qaranlıq səhifələri” adlı əhatəli kitab nəşr olunmuşdur.
Bu təşəbbüs bp-nin Azərbaycanın zəngin tarixi və mədəni irsinin, o cümlədən onun enerji sahəsindəki möhtəşəm mirasının tədqiqi və təbliğinə verdiyi davamlı dəstəyinin bir hissəsidir. Layihə təkcə tarixi araşdırmalara töhfə verməklə kifayətlənmir, həm də neftin millətin kimliyinin və ölkənin qlobal tərəfdaşlıqlarının formalaşmasında oynadığı strateji rolu bir daha vurğulayır.
258 səhifədən ibarət bu nəşr Azərbaycanın neft və qaz sənayesinin inkişafını dörd əsas tarixi dövr üzrə sənədləşdirən ilk nəşrdir: çar Rusiyası dövrü, Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Sovet dövrü və müstəqilliyin bərpasından sonrakı post-sovet dövrü.
Kitabın əvvəlində XIX əsrin ikinci yarısından başlayaraq Bakıda həyata keçirilən neft hasilatına dair ümumi məlumat təqdim olunur, neftin xarici bazarlara erkən ixracı və Azərbaycanın qlobal arenada ön plana çıxmasında strateji rolu vurğulanır. Nəşrdə həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentdə aparılan müzakirələr, Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında milli müstəqillik uğrunda neftdən bir vasitə kimi istifadə olunması üçün göstərdiyi səylər ətraflı şəkildə təhlil olunur.
Sonrakı fəsillərdə Sovet neft siyasəti və Azərbaycanda bolşevik işğalından sonra neft sənayesinin milliləşdirilməsi ilə bağlı məsələlər araşdırılır.
Kitabda həmçinin Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonrakı yeni neft erası, o cümlədən xarici neft şirkətləri ilə aparılan ilkin danışıqlar, qarşıya çıxan çətinliklər və 1994-cü ildə “Əsrin müqaviləsi”nin tarixi imzalanması hadisələri əhatə olunub. Nəşrdə Azərbaycanın enerji tarixində dönüş nöqtəsi olan həmin dövrdə aparılan mürəkkəb danışıqlar, siyasi intriqalar və ölkənin təhlükəsizliyinə olan təhdidlər barədə dəyərli məlumatlar təqdim olunur.
Hərtərəfli arxiv araşdırmalarına və tarixi qəzet materiallarına əsaslanan bu kitab, geniş oxucu auditoriyası cəlb etmək məqsədilə sadə və anlaşılan nəql üslubunda qələmə alınmışdır. Nəşrdə həmçinin Azərbaycanın neft ixracı və beynəlxalq danışıqları ilə bağlı nadir və dəyərli sənədlərə də yer verilmişdir.
Layihənin ümumi dəyəri 48500 AZN (təxminən 28530 ABŞ dolları) təşkil edir və bu məbləğ nəşr öncəsi işlər və layihənin idarə olunması, habelə ümumilikdə 1000 nüsxə tirajla kitabın nəşri üçün xərcləri əhatə edir.
Layihə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi tərəfindən həyata keçirilmişdir. Kitabın müəllifi jurnalist Müsəllim Həsənovdur.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2398 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün http://www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95