BP şirkəti dünən üç əməkdaşlıq sazişi imzaladı. Bu sazişlər BP-nin Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrinin operatoru kimi həyata keçirdiyi əməliyyatlara cəlb edilən azərbaycanlı kadrların inkişafına dair planlarına dəstək vermək məqsədi daşıyır.
Sənədlər dünən Bakıda BP şirkətinin ARDNŞ ilə birgə təşkil etdiyi tədbir zamanı imzalandı. Bu sənədlərdə hər iki təşkilatın BP əməkdaşlarının milliləşdirilməsi, neft-qaz üzrə ixtisaslaşan peşəkar kadrların və Azərbaycandakı neft və qaz layihələrinə cəlb olunmuş işçi qüvvəsinin inkişafı və təlimi sahələrində sıx əməkdaşlıq etməsi ilə bağlı öhdəliklər bir daha öz təsdiqini tapır.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: “Biz bugünkü tədbiri BP şirkətinin işçi heyətinin milliləşdirilməsi prosesini və Azərbaycandakı əməliyyatlarımıza cəlb olunmuş işçi qüvvəsinin inkişafını gücləndirmək istiqamətindəki öhdəliyimizi və uzunmüddətli strategiyamızı bir daha təsdiqləmək üçün planlaşdırmışıq. Uzun illərdir ki, ARDNŞ və digər əlaqədar dövlət qurumları ilə birgə Azərbaycanda neft və qaz sahəsində ixtisaslaşan yerli işçi qüvvəsinin inkişafına yönəlmiş səylərimizi birləşdirməyə imkan verəcək uzunmüddətli strategiyanın razılaşdırılması istiqamətində işləyirik. Həm hökumət, həm də BP və onun tərəfdaşları layihələrimizə və əməliyyatlarımıza cəlb olunan işçi qüvvəsinin böyük əksəriyyətinin azərbaycanlı kadrlar olmasında maraqlıdır. Bu gün imzaladığımız sənədlər bizi ortaq istəyimizin gerçəkləşməsinə daha da yaxınlaşdırır.”
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev dedi: “BP şirkətinin idarə etdiyi layihələrin uzunmüddətli və texniki baxımdan mürəkkəb xarakterli olması ixtisaslaşmış yerli peşəkar kadrların işə cəlb edilməsini tələb edir. Bu gün imzaladığımız sənədlər açıq-aydın şəkildə bu cür heyətin inkişafına xidmət göstərir. Lakin, bəzi fəaliyyətlər və peşələrə beynəlxalq ekspertlərin cəlb edilməsi tələbi hələ də qalacaq. Bu, ölkəmiz üçün strateji əhəmiyyət daşıyan layihələrin vaxtında həyata keçirilməsi üçün zəruridir. Bu tələb başa düşüləndir, lakin bununla yanaşı biz bu layihələri Azərbaycanın neft və qaz sənayesindəki yüksək ixtisaslı peşəkar kadrların və işçi qüvvəsinin inkişafı üçün unikal bir imkan kimi görürük. ARDNŞ bu istiqamətdə BP ilə sıx əməkdaşlığı davam etdirəcək.”
Dünən imzalanan sənədlər aşağıdakılardır:
1. BP-nin idarə etdiyi layihələrə cəlb edilmiş kadrların milliləşdirilməsi sahəsində əməkdaşlığa dair BP və ARDNŞ arasında protokol. Bu razılaşma çərçivəsində BP yerli ixtisaslı kadrların BP şirkəti daxilində maksimum sayda iş yeri ilə təmin oluna bilməsi üçün onların inkişafını davam etdirməyə dair öhdəlik götürür. BP həmçinin milliləşdirilmə prosesi ilə bağlı irəliləyişlər, yenilənmiş işəgötürmə strategiyası və müxtəlif təlim və inkişaf təşəbbüsləri də daxil olmaqla 2014-2018-ci illər üçün beş illik milliləşdirmə planının icrasını öhdəsinə götürür. BP və ARDNŞ neft və qaz sənayesindəki yerli peşəkar kadrların inkişafını dəstəkləmək üçün işəgötürmə kampaniyalarının, təhsil və təlim proqramlarının təşkili istiqamətində birgə işləməyi davam etdirəcək.
2. Qobustan Regional Təlim Mərkəzində yerli işçi qüvvəsinin təlimi sahəsində əməkdaşlıq barədə ARDNŞ ilə anlaşma memorandumu. Bu saziş çərçivəsində BP şirkəti Səngəçal terminalının yaxınlığındakı yerli icmalardan (Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələri) olan 100 nəfər şəxsin peşə və texniki təliminə dəstək olmaq barədə öhdəlik götürür. BP bu şəxslərin Qobustan Regional Təlim Mərkəzində təlimi ilə bağlı təhsil haqqı və digər xərclərini öz üzərinə götürür.
3. Bakı Ali Neft Məktəbi ilə təhsil sahəsində əməkdaşlığa dair anlaşma memorandumu. Bu saziş çərçivəsində BP şirkəti Bakı Ali Neft Məktəbinin tələbələrini özünün müxtəlif proqramlarına, təşəbbüslərinə və təkmilləşdirmə fəaliyyətlərinə cəlb etmək, habelə bu təhsil müəssisəsində biznes yönümlü mühazirələr keçirmək barədə öhdəlik götürür.
BP şirkətinin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Tel.: (+994 12) 599 45 57