1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. BP şirkəti Azərbaycanın Milli Olimpiya və Paralimpiya Komandalarına dəstəyini davam etdirəcək

BP şirkəti Azərbaycanın Milli Olimpiya və Paralimpiya Komandalarına dəstəyini davam etdirəcək

Tarix:
6 may 2013

BP şirkəti Azərbaycanın Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə bağladığı tərəfdaşlıq sazişinin müddətini uzadıb. Bununla BP şirkəti 2016-cı ilin sonuna qədər ölkənin milli komandalarına və nüfuzlu idmançılarına dəstəyini davam etdirəcək.

 

İmzalanma mərasimində qonaqlar qarşısında çıxış edən BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional prezidenti cənab Qordon Birrell dedi: “Biz Azərbaycanın Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi üçün rəsmi enerji və neft-qaz tərəfdaşlığımızı 2016-cı ilin sonuna qədər davam etdirəcəyimizi bəyan etməkdən fərəh hissi duyuruq. London 2012 Oyunlarında xüsusi nümayəndə kimi seçdiyimiz idmançıların nailiyyətlərini izləyərkən və xüsusən də onların vətənə medallar ilə qayıtmasının şahidi olduğumuzda böyük fəxr hissi duymuşuq. Biz, idmançıların yarışlara hazırlığını və Azərbaycan üçün medallar qazanmaq uğrunda göstərdikləri səyləri izləməyə davam edəcəyik.”

 

“BP şirkəti 1992-ci ildə Bakıda ilk ofisini açdığı vaxtdan bəri Azərbaycandakı həyatın bir çox aspektlərində yaxından iştirak etməklə, bir sıra nailiyyətlərə imza atmış və regiondakı hökumətlər, şirkətlər və digər maraqlı tərəflər ilə sıx tərəfdaşlıqlar yaratmışdır. Azərbaycan Milli Olimpiya Komitəsi və Paralimpiya Komitəsi ilə bağlanılmış sazişin müddətinin uzadılması BP şirkətinin ölkə qarşısında uzunmüddətli öhdəliyini nümayiş etdirir,” Birrell bildirib.

 

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə dedi: “Biz BP şirkəti ilə tərəfdaşlığın müddətini uzatmaqdan məmnunluq duyuruq və Azərbaycan xalqını daha çox idman nailiyyətləri ilə sevindirmək naminə Azərbaycan idmançılarının inkişafı istiqamətində birgə işləyəcəyimizə ümidvarıq.”

 

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov dedi: “BP şirkətinin Azərbaycanda Paralimpiya idman növlərini dəstəkləməyə davam etməsi idmanın cəmiyyətdəki hər bir şəxs üçün olduğunu bir daha vurğulamağa yardım edir.”


Redaktorlar üçün qeydlər:

 

BP bir sıra iri neft-qaz işlənməsi və kəşfiyyatı layihəsinin, eləcə də dünya səviyyəli Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərinin operatoru kimi Azərbaycanda və Cənubi Qafqaz regionunda aparıcı əməliyyatçı şirkətdir. BP şirkətinin bu regionda operatoru olduğu layihələr aşağıdakılardır:

  • Azəri, Çıraq, Dərinsulu Günəşli (AÇG) - bu nəhəng neft yatağında 1997-ci ildən etibarən hasilata başlanılıb. Hasilat işləri yatağın Çıraq hissəsində başlayıb və uğurla davam edir. Bundan sonrakı mərhələ olaraq Azəri layihəsi çərçivəsində 2005-ci ilin fevral ayında Mərkəzi Azəridə hasilata başlanılıb. Sonra isə 2005-ci ilin dekabr ayında Qərbi Azəri və 2006-cı ilin oktyabr ayında Şərqi Azəri işə düşüb. 2008-ci ilin aprel ayında isə yatağın Dərinsulu Günəşli (DərSG) hissəsində hasilat işləri başlayıb. AÇG-də növbəti işlənmə olan Çıraq Neft Layihəsinin (ÇNL) bu il hasilata başlayacağı gözlənilir. Bu günədək yataqdan təxminən 2,2 milyard barel neft hasil edilib;
  • Dünya səviyyəli Şahdəniz qaz kondensat yatağının işlənməsi - Şahdəniz hasilat sistemi hazırda özünün gündəlik maksimum gücü olan 966 milyon standart kub fut qaz və 55 000 barel kondensat səviyyəsində çalışır və beləliklə də hasilat bazar tələb etdikdə ən yüksək sabit səviyyədə olur. Hal-hazırda layihələndirilmə fazasında olan Mərhələ 2 nəhəng bir layihədir, onun hazırda mövcud Mərhələ 1 hasilatına ildə 16 milyard kubmetr qaz əlavə edəcəyi gözlənilir. Bu layihənin Azərbaycanı yeni Cənub Qaz Dəhlizi vasitəsilə yeni qaz bazarlarına iri bir təchizatçı kimi bağlayacağı gözlənilir;
  • Şəfəq-Asiman üzrə hasilatın pay bölgüsü sazişi (HPBS) – bu saziş 2010-cu ilin oktyabr ayında Bakıda imzalanıb. Layihə üzrə ilk üçölçülü seysmik tədqiqat proqramı artıq başa çatıb. Hal-hazırda əldə olunmuş məlumatlar emal edilir. Bu məlumat emalı prosesinin ölkədə bu vaxtadək aparılmış ən böyük üçölçülü tədqiqat olduğu hesab edilir;
  • Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri – bu boru kəməri 2006-cı ilin iyun ayında istismara verilib. O vaxtdan bəri BTC vasitəsilə nəql edilmiş 1,7 milyard barel xam neft Ceyhanda 2140 tankerə yüklənmiş və dünya bazarlarına yola salınmışdır. BTC-nin ötürücülük gücü hazırda gündə 1,2 milyon bareldir.

 

 

Əlavə məlumat üçün aşağıdakı nömrələr ilə əlaqə saxlayın:

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlı. Tel.: 994 (0) 12 599 4557
Milli Olimpiya Komitəsinin mətbuat xidməti. Tel.: (+994 12) 440 28 41
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətində. Tel.: (+994 12) 594 54 33