Bu gün BP şirkəti neft və qaz sənayesi ilə bağlı ixtisaslar üzrə xaricdə təhsil alan Azərbaycanlı tələbələr və məzunlar üçün karyera forumu təşkil edib. Bu tədbir BP və onun tərəfdaşlarının neft-qaz sahəsində yüksək ixtisaslı yerli mütəxəssislərin yetişdirilməsi istiqamətində ölkənin göstərdiyi səylərə dəstək olmaq öhdəliyinin bir hissəsidir.
Karyera forumu BP şirkətinin bu regiondakı Məzun və tələbələrin işə qəbulu proqramının bir hissəsidir. Bu forumun məqsədi neft və qaz ixtisası sahələrində təhsil alan tələbələr arasında iş imkanlarını təşviq etməklə, xarici universitetlərdəki istedadlı yerli tələbələrlə əlaqələr qurmaq və onları cəlb etməkdir.
Azərbaycan-Böyük Britaniya Məzunları İctimai Birliyi (AUKAA) ilə birgə təşkil edilən bu tədbirdə xaricdə təhsil alan 120 nəfər Azərbaycanlı tələbə və məzun iştirak edib. Bu forum BP şirkətindəki karyera imkanlarının interaktiv şəkildə müzakirəsinə və BP-nin rəhbər nümayəndələri ilə ünsiyyət qurulmasına imkan yaradır.
Forum iştirakçıları Böyük Britaniyanın və Avropa Birliyindəki digər ölkələrin universitetlərində, habelə Şimali Amerikanın ali təhsil məktəblərində təhsil alan tələbələr və məzunlardan ibarət olub. Onlar öz gələcək karyeralarını ölkənin neft və qaz sənayesində qurmağı planlaşdıran Azərbaycan gəncləridir.
BP şirkətinin İnsan Resursları üzrə vitse-prezidenti Leyla Novruzova dedi: “Biz bu forumun xaricdə təhsil alan tələbələr üçün məlumat almaq və ünsiyyət qurmaq imkanı verdiyini hesab edirik. Onlar BP şirkətinin yüksək vəzifəli nümayəndələri ilə görüşərək mövcud və gələcək karyera imkanlarını, işəgötürmə proqramlarını və planları müzakirə edə biləcək. Onlar həmçinin bizim Azərbaycanda və regionda 20 il ərzində təhlükəsiz və etibarlı şəkildə dənizdə və quruda həyata keçirdiyimiz əməliyyatlar haqqında məlumat almaq imkanına malik olacaq. Biz inanırıq ki, Azərbaycanın dünya səviyyəli neft və qaz sənayesində karyera imkanlarının təşviq olunmasına yönəlmiş səylərimiz hökumətin xaricdə təhsil alan Azərbaycan gənclərinin öz beynəlxalq bilik və bacarıqlarından istifadə edərək ölkənin iqtisadi inkişafına töhfə verməsinə həvəsləndirmək strategiyasına uyğundur.”
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57