BP bu gün élan etdi ki, Xəzər dənizinin Azərbaycan sektorundakı ozünün əməliyyatçısı olduğu Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının işlənməsində Devon Enerji şirkətindən əlavə iştirak payının alınması işini başa çatdırıb.
“Bu, BP və Devon Enerji şirkətləri arasında geniş əhatəli sövdələşmə haqqında 2010-cu ilin mart ayında edilmiş elandan sonra atılan mühüm bir addımdır ki, indi həmin sövdələşmə paketinin Azərbaycanla bağlı komponenti başa çatır. Azərbaycanda bu əlavə iştirak payının alınması BP üçün mühüm bir strateji ərazi olan Xəzər regionu ilə bağlı şirkətin uzunmüddətli öhdəliyinin bir hissəsidir. BP bu regionda artıq güclü bir mövqe tutur və onu gələcəkdə daha da gücləndirmək niyyətindədir”, BP Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir deyir.
“Bu niyyətin digər bir əhəmiyyətli nümunəsi bu yaxınlarda ARDNŞ ilə Bakıda imzaladığımız Sazişin Əsas Prinsipləri sənədidir. Bu sənəd Xəzər dənizində “Şəfəq-Asiman” blokunun birgə kəşfiyyatı və işlənməsi üçün yeni bir hasilatın pay bölgüsü sazişinin əsas kommersiya prinsiplərini müəyyən edir”, cənab Cavanşir qeyd edir.
ACG işlənməsində Devon Enerji şirkətinin 5.63% iştirak payı BP (3,29%) və bu sövdələşmə ilə əlaqədar özlərinin üstünlük imtiyazı hüququndan istifadə etmiş aşağıdakı tərəfdaşlar arasında bölünəcək - Şevron (0,99%), (İnpeks (0,96%) və İtoçu (0,38%).
Devondan alınmış əlavə iştirak payı BP-nin AÇG işlənməsindəki birbaşa iştirak payını 37,43%-ə, Şevronun, İnpeksin və İtoçunun iştirak paylarını isə müvafiq olaraq 11,27%, 10,96% və 4,30%-ə çatdıracaq. AÇG-də qalan iştirak payları AzAÇG (Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ortaq şirkəti – 10%), Statoil (8,56%), Ekson (8,00%), TPAO (6,75%) və Hess (2,72%) şirkətlərinə məxsusdur.
Mart ayının 11-də BP Devon Enerji ilə özünün geniş əhatəli sövdələşməsini elan etdi. Bu sövdələşmədə BP Devon Enerji şirkətinin Braziliyada, Azərbaycanda və ABŞ-nin Meksika körfəzinin dərinsulu hissəsindəki neft yataqlarındakı aktivlərini 7,0 milyard dollar ödəməklə almağa razılaşdı. Azərbaycanla bağlı hissə sövdələşmənin indiyədək başa çatdırılmış üçüncü elementidir. Bundan əvvəl isə sövdələşmənin Meksika körfəzindəki aktivlərin alınması və BP-nin Kanadadakı Kirbi neft laylarındakı iştirak payının 50 faizini Devon Enerjiyə satması komponentləri başa çatdırılmışdı. Braziliyadakı aktivlərin alınması hələ yekunlaşdırılmayıb.
Redaktorlar üçün qeydlər:
Azəri-Çıraq-Günəşli (AÇG) Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1994-cü ilin sentyabrında imzalanıb və AÇG müqavilə sahəsinin 30 illik işlənməsini əhatə edir. Azərbaycanda və dünyanın digər yerlərində artıq “Əsrin Müqaviləsi” kimi tanınan bu saziş Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin dekabr ayının 12-də qüvvəyə minib. Yataq bir neçə mərhələdə işlənib: İlkin Neft Layihəsi kimi Çıraqdan 1997-ci ildən neft hasil olunur. Bundan sonrakı mərhələ 2005-ci ilin əvvəllərində hasilata başlamış Azəri Faza 1 layihəsi adlanan Mərkəzi Azəridir. Növbəti mərhələyə Azəri Faza 2 layihəsi kimi 2006-cı ilin yanvarında hasilata başlamış Qərbi Azəri və 2006-cı ilin oktyabrında hasilata başlayan Şərqi Azəri daxildir. Faza 3 (Dərinsulu Günəşli) hasilata 2008-ci ilin aprelində başlayıb. AÇG işlənməsinin hazırda tikintisi davam edən növbəti mərhələsi Çıraq Neft Layihəsidir və oradan ilk neftin hasilatı 2013-cü ildə gözlənilir. Bütün mərhələlərdən ümumi hasilatın gündə təxminən 1 milyon barel olacağı gözlənilir.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57