1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. BP Deyvid Vudvordu əvəz edəcək yeni prezidentini elan edir

BP Deyvid Vudvordu əvəz edəcək yeni prezidentini elan edir

Tarix:
1 Sentyabr 2006

 

Azəri-Çıraq-Günəşli, Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrinin operatoru kimi BP bu gün elan edir ki, Bill Şreyder 10 noyabr 2006-cı il tarixindən etibarən BP-nin Azərbaycandakı prezidenti təyin olunacaq. O, bu vəzifədə Deyvid Vudvordu əvəz edəcək. Son səkkiz ildə BP Azərbaycan şirkətinin prezidenti olmuş cənab Vudvord BP şirkətindən təqaüdə çıxmaq seçimini etmişdir.


Bill Şreyderin BP-də 26 illik iş təcrübəsi var. Bu illər ərzində o, BP-nin kimya məhsulları, neft emalı və marketinq, dəniz əməliyyatları, axtarış-kəşfiyyat və hasilat kimi sahələrində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Onun bu vəzifələri icra etdiyi yerlər isə ABŞ, London, Şimal dənizi və İndoneziyadan tutmuş Angolayadək müxtəlif ölkə və şəhərləri əhatə edir. Bill Bakıya özünün sonuncu təyinat yeri olan BP Anqola şirkətinin baş icraçısı vəzifəsindən gəlir.

 

Bill Şreyderin Sinsinnati Universitetindən kimya mühəndisi dərəcəsi var. O, yaşları 13 ilə 21 arasında olan üç övlad atasıdır.

 

“BP Azerbaijan”a rəhbərlik etməyi özümə fəxr hesab edirəm və bunu səbirsizliklə gözləyirəm, - Bill Şreyder deyir. - Deyvidin və onun rəhbərlik etdiyi kollektivin həyata keçirdiyi işlər çox böyük heyranlıq doğurur və mənim məqsədim bu uğuru irəli aparmaq, BP-nin, tərəfdaşlarımızın və Azərbaycan xalqının mənafeyinə xidmət edən dünya səviyyəli biznes yaratmağı davam etdirmək olacaq.”

 

Deyvid Vudvord BP-nin Azərbaycandakı prezidenti vəzifəsinə 1998-ci ilin dekabrında başlamışdır. Onun rəhbərliyi altında BP Azəri-Çıraq-Günəşli neft yatağının tammiqyaslı işlənməsini həyata keçirmiş, Bakı-Tbilisi-Ceyhan boru kəmərini tikmişdir və tezliklə də Şahdəniz qaz-kondensat yatağının işlənməsinin 1-ci mərhələsindən hasilata başlayacaqdır.

 

Azərbaycan Resublikasının Prezidenti Ilham Aliyev Deyvid Vudvordun bu ölkənin inkişafına töhfəsini onu 2004-cü ildə “Şöhrət Ordeni” ilə təltif etməklə qiymətləndirmişdir. Cənab Vudvordun enerji sənayesinə xidmətləri bu ilin əvvəllərində Kraliça II Yelizaveta tərəfindən “Müqəddəs Mixail və Müqəddəs Georgi” ordeninə layiq görülməklə də yüksək qiymətləndirilmişdir.

 

Maraqlananlar üçün fotoşəkillər də var

 


Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57