BP şirkəti bu gün özünün təhsil proqramları çərçivəsində yeni təşəbbüsünə – “Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr” layihəsinə başlayır. Silsilə məruzələr geologiya və digər əlaqədar sahələri ixtisas seçmiş gələcək mühəndislərin bu elm sahələrini daha da inkişaf etdirmək səylərini artırmaq məqsədilə diqqətin bu elmlərə yönəldilməsi məramını daşıyır. Layihə geologiya, geofizika və mühəndislik sahələrində olan tələbə və elmi işçilərə imkan verəcək ki, bu sahələr üzrə tanınmış alim və mütəxəssislərlə görüşüb onlarla fikir mübadiləsi və müzakirələr aparsınlar.
Layihə üzrə ilk tədbir bu gün Azərbaycan Dövlət Neft Akademiyasında keçiriləcək. Tədbirdə BP Azərbaycan şirkətinin prezidenti, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rəşid Cavanşir “Cənubi Xəzər hövzəsi: nadir geologiya və nadir neft sistemi”mövzusunda təqdimatla çıxış edəcək.
BP Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir deyir: “Azərbaycanın əsas neft və qaz işlənmələrinin və onların nəqli layihələrinin operatoru kimi BP şirkəti Azərbaycanda təhsil layihələrinə dəstək verməyi davam etdirir. İnanırıq ki, bu yeni təşəbbüs müvafiq ixtisas və elm sahələrinin nümayəndələrindən ibarət mütəxəssis qruplarını, eləcə də Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti və Qafqaz Universitetində neft, yerşünaslıq və texniki sahələrdə təhsil alan tələbələri öz ixtisaslarının gələcəyi ilə əlaqədar ümumi maraqlarını və Azərbaycanın neft sənayesinin elmi əsaslarının inkişafına yönələn səylərini birləşdirmək üçün bir araya gətirəcək”.
“Azərbaycanlı tələbələrə belə nadir təhsil imkanı yaratmaqla biz müvafiq universitetlərdə təhsil alan, yerşünaslıq elmlərinin inkişafına kömək etmək potensialına malik və neft sənayesində karyera qurmaq marağında olan tələbələri bir araya gətirmək istəyirik. Ümid edirik ki, bu təşəbbüs nəticə etibarı ilə universitet təhsilinin ayrılmaz bir hissəsinə çevriləcək və Bakıda yerşünaslıq və mühəndislik ixtisasları üzrə təhsil alan tələbələr üçün əhəmiyyətli bir hadisə olacaq.”
Bu yeni təşəbbüs çərçivəsində BP Azərbaycan şirkəti hər ay Azərbaycan Dövlət Neft Akademiyasında tədbir keçirərək geologiya, yerşünaslıq, geofizika və texnologiyalar üzrə yerli və beynəlxalq mütəxəssisləri bu sahələri ixtisas kimi seçmiş gənc nəslin nümayəndələri ilə bir araya gətirərəcək. BP həmçinin özünün bu sahələrdəki qabaqcıl təcrübəsi, ən son elmi yeniliklər və onların sənayedə tətbiqi üzrə bilgilərini bölüşəcək.
Redaktorlar üçün qeyd:
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57