Bu gün bp Azərbaycanın bir ölkə kimi yaranışının araşdırılmasına həsr olunmuş iki geniş əhatəli tədqiqat kitabını ictimaiyyətə təqdim edib. “Azərbaycan. Tarixi-coğrafi atlas” və “Azərbaycan. Tarixi-etnoqrafik atlas” adlanan bu kitablarda ilk dəfə olaraq qədim və orta əsrlərə aid coğrafi xəritələrin tarixi və etno-mədəni təhlili elmi araşdırma mətnləri ilə müşaiyət olunur. Xəritələrin bu elmi təsvirləri Azərbaycanın qədim dövlət kimi formalaşmasını əks etdirən tarixi faktlar və sübutlara əsaslanır.
bp-nin bu tədqiqata dəstəyi onun Azərbaycanın tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə vermək öhdəliyinin bir hissəsidir.
Ümumilikdə 564 səhifədən ibarət bu kitablar daha geniş oxucu kütləsini əhatə etmək məqsədilə iki dildə - Azərbaycan və ingilis dillərində nəşr edilib.
Kitablar ətraflı kartoqrafik təhlili tarixi və etnoqrafik sənədlərlə birləşdirən yenilikçi bir tədqiqat işidir. Bu unikal yanaşma oxuculara Azərbaycanın tarixi mənzərəsinin canlı və dəqiq təsvirini təqdim edir, ərazinin və ətraf regionların coğrafi və mədəni təkamülü vasitəsilə xalqın etnik mənsubiyyəti haqqında dolğun təsəvvür yaradır. Tarixi xəritələrin və sənədlərin təfərrüatlı təhlili Azərbaycanın tarixi coğrafiyasının əhatəli və dəqiq təsvirini formalaşdırır.
Kitabın müəllifi tanınmış alim, görkəmli ictimai və dövlət xadimi, tarix elmləri doktoru, professor Həsən Həsənovdur.
“Bu layihəyə dəstək verməklə biz ölkənin tarixi əhəmiyyətinin və bütün regionun inkişafındakı rolunun daha geniş şəkildə anlaşılmasına töhfə vermək niyyətindəyik. Bu mühüm tədqiqat işi Azərbaycan adlanan bu qədim torpağın tarixinin zənginliyinə və rəngarəngliyinə, eləcə də bu qədim sivilizasiyanın — Azərbaycan türklərinin — tarixi və mədəni irsinin möhtəşəmliyinə daha bir sübutdur. İnanırıq ki, bu kitablar regionun tarixi inkişafı ilə maraqlanan alimlər, tədqiqatçılar və geniş oxucu kütləsi üçün dəyərli bir mənbə olacaq.”
Bu gün Bakı Kitab Mərkəzində keçirilən təqdimat mərasimində tanınmış tarixçilər, alimlər, tədqiqatçılar və mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə çıxış edənlər bu tədqiqat işinin əhəmiyyətini qeyd edərək, müəllifin metodologiyası və yanaşmasının ölkənin və bütövlükdə regionun qədim dövrlərdən başlayaraq keçdiyi tarixi və coğrafi təkamül yollarının araşdırılmasında mühüm rol oynadığını vurğulayıblar.
Layihənin dəyəri 178540 AZN (105000 ABŞ dolları) təşkil edib. Layihə TEAS Press Nəşriyyat Evi tərəfindən yerinə yetirilib.
bp bu kitabları kitabxanalara, universitetlərə və aidiyyəti elmi-tədqiqat institutlarına hədiyyə olaraq təqdim edəcək.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2398 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95