1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. BP universitet tələbələri üçün mentorluq proqramına başlayır

BP universitet tələbələri üçün mentorluq proqramına başlayır

Release date: 29 oktyabr 2019

 

  • Azərbaycanda universitet tələbələri üçün bacarıqların inkişaf etdirilməsi üzrə yeni təşəbbüs
  • BP-nin peşəkar mentorları tərəfindən səriştə və bilikləri ötürməklə təhsilə əhəmiyyətli töhfə

 

BP Azərbaycanda bakalavr pilləsi üzrə texniki fakültələrdə təhsil alan (4-cü kurs) universitet tələbələri və məzunları üçün karyera inkişafına dəstək olmaq məqsədilə yeni mentorluq proqramına başladığını məmnuniyyətlə elan edir.

 

 

Proqramın məqsədi seçilmiş tələbələrə fərdi mentorluq sessiyaları verməklə onların neft-qaz mühəndisliyi sahələrində gələcək karyera imkanlarına hazırlaşmalarına yardım etməkdir. Bütün mentorlar Bakıdakı müxtəlif universitetləri təmsil edən çox sayda tələbələrlə könüllü şəkildə işləyəcək BP mütəxəssisləridir.

 

Mentorluq proqramı əsasən ünsiyyət, təqdimat, tərcümeyi-halın hazırlanması, əlaqələrin qurulması və s. kimi tələb olunan işgüzar səriştələrin inkişaf etdirilməsinə yönəlib. Proqram mentorlar ilə aylıq fərdi görüşlərin keçirilməsi, habelə BP-nin Bakıdakı ofisində master-klasların təşkil olunması kimi altı aylıq fəaliyyətlərə əsaslanacaq.

 

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionunda İnsan resursları üzrə vitse-prezidenti Nərminə Nəbiyeva: “Biz Azərbaycanda universitet tələbələrinin inkişafına dəstək vermək üçün nəzərdə tutulmuş bu yeni təşəbbüsə başlamaqdan çox məmnunuq. İnanırıq ki, bu proqram tələbələrin biznes mühitində tələb olunan bir sıra çox mühüm bacarıqlarını inkişaf etdirmələri üçün gözəl bir imkan olacaq. Əminəm ki, BP-nin mentorları seçilmiş tələbələrin karyera qurmasına peşəkar dəstək verməklə onların öz inkişaf ehtiyaclarını başa düşmələrinə və iş həyatına hazırlaşmalarına yardım edəcəklər.

 

Könüllü şəkildə mentorluq edəcək bütün BP əməkdaşları bu proqramda iştiraka çox həvəslidirlər. Onlar mentorluq dəstəyi alacaq tələbələrlə görüşməyi səbirsizliklə gözləyirlər və BP-nin Azərbaycandakı fəaliyyəti haqqında öz biliklərini və qlobal şirkətdə işləməyin necə hiss olduğunu tələbələrlə bölüşmək istəyirlər.”

 

Hazırkı mərhələdə proqramın iki qrupdan ibarət olması planlaşdırılır. Tələbələrin birinci qrupu 2019-cu ilin noyabr ayında və ikinci qrupu isə 2020-ci ilin yanvar ayında proqrama başlayacaq.

 

Ümumilikdə proqramda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan-Fransız Universitetindən olan 119 tələbə və məzun iştirak edəcək.

 

Proqramın iştirakçıları kimya mühəndisliyi, mexanika mühəndisliyi, neft və qaz mühəndisliyi, inşaat mühəndisliyi, energetika, geoloji kəşfiyyat/geofizika, energetika mühəndisliyi, proseslərin avtomatlaşdırılması, təkrar emal və resursların bərpası, ekologiya mühəndisliyi, informasiya texnologiyaları kimi sahələrdə ixtisaslaşırlar.

 

Bütün iştirakçıların seçilməsi prosesi onlayn müraciət əsasında aparılıb və onlara video formatında proqrama nə üçün qoşulmaq istədiklərini izah etmək tapşırığı verilib.

 

 

Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 599 45 57