Bu gün BP və Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək Oyunlarda BP-nin rəsmi neft və qaz tərəfdaşı olmasını nəzərdə tutan saziş imzaladılar.
Bu tərəfdaşlıq BP-nin Azərbaycanda idman potensialının inkişaf etdirilməsinə dəstək olmaq öhdəliyinin bir hissəsidir və Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə uzunmüddətli uğurlu tərəfdaşlığa söykənir. O, həmçinin Bakı 2015 Avropa Oyunları və 2012-ci il London Olimpiya və Paralimpiya Oyunları üzrə BP-nin təcrübəsi və sıx əməkdaşlığına əsaslanır.
Həmçinin Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla BP şirkəti Oyunlara və sonrakı yarışlara hazırlaşdığı müddətdə yeddi milli idman elçisinə dəstək olmağa davam edəcək.
Bundan əlavə, BP şirkəti Bakı 2017 Könüllülük Proqramının həyata keçirilməsinə dəstək olacaq. Bu təşəbbüs çərçivəsində 6000 gənc yalnız Oyunların keçirilməsində mühüm rol oynamaq imkanı qazanmayacaq, onlar həmçinin liderlik, təqdimat, ünsiyyət və ictimaiyyət qarşısında çıxış bacarıqlarını təkmilləşdirməyə yardım edən geniş təlim proqramından faydalanmaq imkanına malik olacaqlar.
Azərbaycan Respublikasının gənclər və idman naziri və Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin icraçı direktoru cənab Azad Rəhimov dedi: “Öz iştirakını təsdiqləmiş 50-dən artıq ölkənin qatılacağı Bakı 2017 Oyunları bütün İslam ölkələrindən olan xalqları sülh, həmrəylik, hörmət və mükəmməllik ruhunda bir yerə toplayan mötəbər beynəlxalq idman tədbiri olmağı vəd edir.
Biz məmnunuqluq duyuruq ki, BP Bakı 2017 Oyunlarına tərəfdaşlıq etmək və bizə bu Oyunların keçirilməsində fəal surətdə yardım etmək istəyir. BP ötən 25 il ərzində Azərbaycanda idman, mədəniyyət və təhsil sahəsindəki təşəbbüslərə sərmayə qoyan bir şirkət olaraq yüksək nüfuz qazanıb.
Buna görə də, BP şirkəti yalnız könüllülərimizə Oyunlar zamanı lazımi bacarıqlar vermək üçün deyil, həm də onların gələcək karyeralarını qurmalarına köməklik etmək üçün nəzərdə tutulmuş Oyunların Könüllük Proqramının həyata keçirilməsində bizə yardım edən mükəmməl tərəfdaş olacaq.”
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: “2017 bizim üçün əlamətdar bir ildir. Biz Azərbaycan hökuməti və xalqı ilə uğurlu tərəfdaşlığımızın 25 illiyini qeyd edirik
Biz bu gün məmnuniyyətlə elan edirik ki, 25 illiyimizin qeyd olunması çərçivəsində biz Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olacağıq və eləcə də Milli Olimpiya və Paralimpiya Komitələri ilə olan tərəfdaşlıq sazişimizin müddətini 2020-ci ilədək uzatmaqla onlara dəstəyimizi gücləndirəcəyik.
2017-ci il Azərbaycan üçün də möhtəşəm bir ildir, belə ki, onun paytaxtı Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Ölkə üçün əlamətdar olan bu tədbirə qoşulmaqla biz bir daha vurğulamaq istəyirik ki, biz Azərbaycanla birlikdəyik və idman həyəcanını onunla birlikdə qeyd etmək istəyirik.
Ölkənin idman potensialının inkişafına dəstək göstərilməsi bizim sosial sərmayələrimizdə prioritet sahələrdən biridir. Azərbaycanın uzunmüddətli və etibarlı neft-qaz tərəfdaşı kimi ötən 25 il ərzində BP təhsil, yerli icmalar, yerli müəssisələr, mədəni irs, idman və bir sıra digər sahələrə sərmayələr qoymaqla ölkəyə dəstək olmaq öhdəliyinə sadiq qalıb. Biz bütün bunları ölkənin güclü gələcək qurmaq naminə potensialın yaradılması istiqamətində göstərdiyi səylərinə qoyulan sərmayə kimi görürük.”
Redaktorlar üçün qeydlər
BP dünyanın ən tanınmış neft və qaz təchizatçılarından biridir və o, mühüm enerji mənbələrinin təhlükəsiz şəkildə işlənməsi və hasilatı ilə məşğul olur.
Azərbaycanda BP şirkəti 25 ildir ki fəaliyyət göstərir və neft və qazın geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə altı böyük layihəni təhlükəsiz və etibarlı şəkildə idarə edir.
Bu vaxtadək o, öz tərəfdaşları ilə birlikdə ölkədəki layihələrə təxminən 65 milyard dollar sərmayə yatırıb və on minlərlə iş yeri açmaqla və özünün geniş sosial sərmayə fəaliyyətlərini həyata keçirməklə yerli icmalara töhfələr verib. BP şirkətində təxminən 3000 nəfər Azərbaycan vətəndaşı işləyir.
Əlavə məlumat üçün BP-nin Bakıdakı mətbuat xidmətində Tamam Bayatlı ilə əlaqə saxlaya bilərsiniz. Telefon: (+994 12) 599 45 57
Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12 – 22 may 2017-ci il tarixlərində Bakıda keçiriləcək İslam dünyasını birləşdirən, çoxnövlü maraqlı idman tədbirdir.
Bütün dünyadakı islam ölkələrindən idmançılar Bakıda 16 müasir yarış məkanında tərkibinə 24 növün (Atletika və Para atletika, Su idmanı – Suya tullanma, Su idmanı – Üzgüçülük, Su idmanı – Su polosu, Basketbol 3x3, Futbol, Bədii gimnastika – Ritmik gimnastika, Uşu, Stolüstü tennis, Həndbol, Cüdo və Para cüdo, Yunan-Roma güləşi – Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo və Ağır atletika) daxil olduğu 20 fərqli idmandan ibarət 10 günlük yarışda öz ölkələrini təmsil edəcəklər.
2013-cü ilin iyulunda Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Baş Assambleyasında Oyunların Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Təşkilat Komitəsi yaradılmış və Təşkilat Komitəsinə rəhbərlik Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevaya həvalə edilmişdir. Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) Oyunları İHİF ilə əməkdaşlıq edərək təşkil edəcək və keçirəcək.
Bakı 2017 Oyunlarının mətbuat xidmətində Cəmilə Cəfərzadə ilə əlaqə saxlaya bilərsiniz: Jamila.Jafarzada@baku2017.com