1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. BP tələbələrin işlə təmin olunmasına dəstək vermək üçün "Bacarıqlar Fabrikini" (Skills Refinery) istifadəyə verir

BP tələbələrin işlə təmin olunmasına dəstək vermək üçün "Bacarıqlar Fabrikini" (Skills Refinery) istifadəyə verir

Tarix:
18 oktyabr 2018

Yeni onlayn portal tələbələrin gələcək iş dünyasına daha yaxşı hazırlaşmalarına kömək etmək məqsədi daşıyır

 

Məzunların işə götürülməsi sahəsində aparıcı şirkət olan BP bu gün "Bacarıqlar Fabriki" (Skills Refinery) adlı yeni qlobal onlayn portalı istifadəyə vermişdir. Portal tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq məqsədi daşıyır. Ən sonda isə qlobal səviyyədə yarışma keçiriləcək və qalib gələn tələbələr komandası 2019-cu ildə London şəhərində keçiriləcək "One Young World" ümumdünya gənclər sammitinə/zirvə toplantısına bütün xərcləri ödənilmiş eksklüziv səyahət qazanacaq.


"Bacarıqlar Fabriki" (Skills Refinery) tələbələrə beş bacarıq sahəsində, yəni kritik məsələlərin həlli, innovasiya, təsir və ünsiyyət, koqnitiv çeviklik və emosional intellekt sahələrində öz bacarıqlarını sınamaq və inkişaf etdirmək fürsəti verir. Sözügedən platforma ən son rəqəmsal texnologiyalardan istifadə etməklə oyun elementləri olan onlayn portal şəklində yaradılmışdır. Burada tələbələr özlərinin vacib peşəkar bacarıqlarını artırmağa kömək edən resurslar tapa, eyni zamanda əylənə biləcəklər.


"Bacarıqlar Fabriki" (Skills Refinery) tələbələrə özlərini sınamağa, interaktiv yoxlamalardan istifadə etməklə bacarıqlarını təkmilləşdirməyə, öz nailiyyətlərini izləməyə və beş bacarığın peşəkar aləmdə daşıdığı praktiki əhəmiyyəti aşkar etməyə imkan verəcək.


Rəqabət və həyəcan hissini artırmaq məqsədilə, "Bacarıqlar Fabrikinin" (Skills Refinery) üzvləri üçün illik qlobal yarış təşkil olunacaq. Yarışmaya dekabr ayında start veriləcək. Tələbələr video təqdimat yolu ilə ölkə səviyyəsində yarışmaq üçün qruplar təşkil etməli olacaqlar. Ölkə səviyyəsində qalib gələnlər gələn il 10-cu ildönümü münasibətilə London şəhərində keçiriləcək "One Young World" ümumdünya gənclər sammitinə/zirvə toplantısına bütün xərcləri ödənilmiş eksklüziv səyahət qazanmaq fürsəti uğrunda yarışmanı beynəlxalq səviyyədə davam etdirəcəklər.


İlk il ərzində "Bacarıqlar Fabriki" (Skills Refinery) beş regionda, yəni Avstraliya, Azərbaycan, Sinqapur, Böyük Britaniya və ABŞ-da sınaqdan keçiriləcək, 2019-cu ildə isə qlobal miqyasda istifadəyə verilməsi planlaşdırılır. Portala bakalavr pilləsində təhsil alan birinci və ikinci kurs tələbələr heç bir ödəniş etmədən qoşula bilərlər. Onlayn platforma www.bpskillsrefinery.com ünvanında yerləşir.
BP şirkətlər qrupunun resursların təmin edilməsi üzrə rəhbəri Culia Harvi-Liddel (Julia Harvie-Liddel) belə deyir: “BP şirkəti olaraq biz dünyanın sürətlə dəyişdiyini dərk edirik. Texnologiya və rəqəmsallaşma iş mühitini transformasiya edir və işin mahiyyəti tez bir zamanda dəyişir. Hesab edirik ki, tələbələrin öz bacarıqlarını gələcəyin tələblərinə uyğunlaşdırmasına və daim dəyişməkdə olan dünyada uğur qazanmaq üçün onlara lazımi bacarıqları aşılamağa yardım etmək istiqamətində mühüm rol oynaya bilərik. Gələcəkdə işlərin nədən ibarət olacağını bilmirik, amma gələcək işlərə hazırlaşmaları üçün tələbələrə bacarıqlar verə bilərik. "Bacarıqlar Fabrikinin" (Skills Refinery) onlar üçün həmin imkanları təmin edəcəyinə ümid edirik.”

 

Redaktorlar üçün qeyd


"Bacarıqlar Fabriki" (Skills Refinery) barədə:

"Bacarıqlar Fabriki" (Skills Refinery) tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq və onlara gələcək işlər üçün hazırlaşmağa kömək etmək məqsədilə BP tərəfindən yaradılmış yeni onlayn portaldır.


O, beş regionda, yəni Avstraliya, Azərbaycan, Sinqapur, Böyük Britaniya və ABŞ-da istifadəyə verilmişdir. Tam qlobal miqyasda 2019-cu ildə istifadəyə verilməsi planlaşdırılır.

Hazırda yalnız ingilis dilindədir.


"Bacarıqlar Fabriki" (Skills Refinery) portalının üzvləri davranış elmlərinə əsaslanan təlim məzmunundan istifadə edərək konkret tapşırıqları yerinə yetirməklə beş bacarıq sahəsində, yəni kritik məsələlərin həlli, innovasiya, təsir, koqnitiv çeviklik və emosional intellekt sahələrində öz qabiliyyətlərini inkişaf etdirə biləcəklər. Tələbələr hər bir bacarıq üzrə təlim modulunu başa çatdırdıqdan sonra məzmunu necə mənimsədiklərini yoxlamaq üçün testdən keçərək xallar qazanacaqlar.


Beş bacarıq sahəsinin hamısı üzrə təlimi başa çatdırmış iştirakçı qlobal yarışmaya qoşulmaq hüququ əldə edəcək. Həmin yarışa 2018-ci ilin dekabrında start veriləcək. Tələbələr video təqdimat yolu ilə milli səviyyədə rəqabət aparmaq üçün qruplar təşkil etməli olacaqlar. Ölkə səviyyəsində qalib gələnlərə mükafat veriləcək və onlar yarışmanı “pul ilə alınması mümkün olmayan mükafat” uğrunda beynəlxalq səviyyədə davam etdirəcəklər.

 

"One Young World" ümumdünya gənclər sammiti/zirvə toplantısı barədə

"One Young World" 2009-cu ildə Deyvid Couns (David Jones) və Keyt Robertson (Kate Robertson) tərəfindən təsis edilmişdir. Böyük Britaniyada yerləşən həmin xeyriyyə təşkilatı dünyanın bütün yerlərindən ən fərasətli gənc liderləri bir araya gətirir və müsbət dəyişikliklər yaratmaq üçün onlara uzunmüddətli əlaqələr qurmaq imkanı yaradır.


Təşkilatın keçirdiyi illik zirvə toplantısında qlobal və milli şirkətlərdən, QHT-lərdən, universitetlərdən və digər qabaqcıl düşünən təşkilatlardan ən dəyərli gənc istedadlara "One Young World" müşavirləri qismində çıxış edən dünya liderləri də qoşulur.

 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57